Oktyabrın 24-də Fransada keçirilən etiraz aksiyalarına təxminən 410 min nəfər qatılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFMTV ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
CGT həmkarlar ittifaqı isə ölkə üzrə nümayişçilərin sayının 800 min nəfərə çatdığını açıqlayıb.
Parisdə rəsmi məlumatlara görə, aksiyalarda 110 min nəfər iştirak edib. CGT isə paytaxtda etirazçıların sayını 250 min nəfər olaraq qiymətləndirib.
Etirazlar zamanı bir sıra şəhərlərdə nümayişçilərlə hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verib. Ən ciddi insidentlər Paris, Nant, Lill və Lionda qeydə alınıb.
Marseldə iki zərgərlik mağazası talan edilib. Sent-Etyendə isə təxminən 400 nəfərlik qrup A72 avtomobil yolunu bağlayıb.
Qeyd edək ki, oktyabrın 18-də Fransa Prezidenti Emmanuel Makron hökumətdən gələcək etirazların qarşısını almaq üçün təcili tədbirlər görməyi tələb edib. O, iğtişaşlara görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılacağını və zərər çəkmiş müəssisələrə dəstək göstəriləcəyini vəd edib.
















