İtaliyanın paytaxtı Romada bir neçə yüz etirazçı Kolizeyin ərazisinə daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, RİA Novosti-nin müxbirinin məlumatına görə, minlərlə nümayişçidən ayrılan bir qrup şəxs tarixi abidəyə daxil olduqdan təxminən 10 dəqiqə sonra hadisə yerinə iğtişaşlara qarşı xüsusi geyimdə olan polis əməkdaşları gəlib.
Təxminən 15 dəqiqə sonra etirazçılar ərazini tərk edib, daha sonra Kolizeyə aparan darvazalar bağlanıb.
Nümayişçilərin bir qisminin üzünü balaklava ilə gizlətdiyi bildirilir. Hazırda vəziyyət gərgin olaraq qalır, lakin polis ilə etirazçılar arasında toqquşma qeydə alınmayıb.
“Il Messaggero” qəzetinin məlumatına görə, oktyabrın 24-də Romada planlaşdırılan etiraz aksiyaları ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhərin mərkəzi hissələrində asayişi qorumaq üçün 1500-dən çox hüquq-mühafizə orqanı əməkdaşı səfərbər edilib, nümayişçilər isə dronlar vasitəsilə izlənilib. Həmin gün paytaxtda dörd etiraz aksiyasının keçirilməsi gözlənilirdi.
















