Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyanın Nyu-Yorkda keçirdiyi görüş Cənubi Qafqazda davam edən normallaşma proseslərini yenidən gündəmə gətirib. Tərəflər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, işgüzar dairələr arasında təmasların genişləndirilməsi və tarixi Ani körpüsünün birgə bərpası məsələlərini müzakirə ediblər.
Görüşdə regional kommunikasiyaların açılması və TRIPP layihəsinin həyata keçirilməsi də diqqət mərkəzində olub.
Prosesin Azərbaycan və bütövlükdə region üçün yarada biləcəyi imkanları Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayevanın dediyinə görə, bu görüşün əsas xüsusiyyəti ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərində artıq yalnız siyasi dialoqdan deyil, konkret əməkdaşlıq istiqamətlərindən danışılır. Ticarət-iqtisadi əlaqələrin inkişafı, biznes dairələrinin birbaşa təmaslarının təşviqi və Ani körpüsünün bərpası kimi məsələlərin gündəmə gətirilməsi normallaşmanın praktik məzmun qazanmasına yönəlmiş addımlardır. Müsahibimiz bildirib ki, Ankara uzun müddətdir Ermənistanla münasibətlərdəki prosesi Cənubi Qafqazda ümumi sülh və sabitlik kontekstində nəzərdən keçirir. Ərdoğanın görüşdə Azərbaycan və Ermənistan arasındakı qarşılıqlı addımlardan məmnunluğunu bildirməsi də Türkiyənin bu iki prosesi bir-birindən tam təcrid etmədiyini göstərir:
“Digər tərəfdən, Ermənistan üçün Türkiyə ilə münasibətlərin normallaşması iqtisadi və nəqliyyat baxımından yeni imkanların yaranması deməkdir. Buna görə də görüşü tərəflərin siyasi dialoqu konkret layihələr və iqtisadi əlaqələrlə möhkəmləndirmək niyyətinin göstəricisi kimi qiymətləndirmək olar”.
Bu prosesin Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının formalaşmasına təsirinə gəlincə, politoloq deyib ki, Cənubi Qafqaz uzun illər münaqişələrin və qapalı sərhədlərin regional əməkdaşlığı məhdudlaşdırdığı bir məkan olub. Kommunikasiyaların açılması və dövlətlər arasında münasibətlərin normallaşması regionun iqtisadi-coğrafi imkanlarından daha geniş istifadə edilməsinə şərait yarada bilər. Türkiyə, Azərbaycan və Ermənistan arasında nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi region daxilində qarşılıqlı iqtisadi asılılığın artmasına səbəb ola bilər. Onun sözlərinə görə, bununla yanaşı, Gürcüstanın mövcud tranzit rolu nəzərə alınmaqla Cənubi Qafqazın bütövlükdə Avropa ilə Asiyanı birləşdirən nəqliyyat sistemində çəkisi arta bilər:
“Yeni əməkdaşlıq formatlarının formalaşması üçün isə yalnız siyasi bəyanatlar deyil, sərhəd, gömrük, logistika və təhlükəsizlik məsələləri üzrə işlək mexanizmlərin yaradılması tələb olunur. Bu baxımdan Ərdoğan-Paşinyan görüşündə iqtisadi və nəqliyyat məsələlərinin ön plana çıxması siyasi normallaşmanın regional iqtisadi əməkdaşlıqla tamamlanması istiqamətində bir siqnal kimi dəyərləndirilə bilər”.

Züriyə Qarayeva: Türkiyə-Ermənistan münasibətlərində artıq konkret əməkdaşlıq istiqamətlərindən danışılır
“Ermənistanın regional kommunikasiyaların açılmasına dəstək verməsi Azərbaycan və Türkiyə üçün hansı imkanları yarada bilər” sualını cavablandıran həmsöhbətimiz deyib ki, kommunikasiyaların açılması ilk növbədə Azərbaycanla Türkiyə arasında alternativ və daha şaxələndirilmiş quru bağlantılarının formalaşması baxımından əhəmiyyətlidir. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, Türkiyədən Cənubi Qafqaz və Xəzər hövzəsinə uzanan nəqliyyat marşrutlarının inkişafına imkan verə bilər.
Dediyinə görə, eyni zamanda, region Orta Dəhliz və daha geniş Şərq-Qərb nəqliyyat sistemində əlavə tranzit imkanları əldə edə bilər. Ermənistanın bu prosesdə iştirak etməsi onun da regional iqtisadi layihələrə inteqrasiyası və tranzit gəlirləri əldə etməsi üçün imkan yaradır:
“Beləliklə, kommunikasiyaların açılması yalnız ayrı-ayrı ölkələrin deyil, bütün regionun iqtisadi əlaqələrinin yenidən qurulmasına təsir göstərə biləcək məsələdir. Lakin bunun real nəticəyə çevrilməsi marşrutların hüquqi rejimi, gömrük və sərhəd prosedurları, təhlükəsizlik mexanizmləri və tərəflər arasında əldə olunan razılaşmaların praktik icrasından asılı olacaq”.
Müsahibimiz hesab edir ki, Ərdoğan-Paşinyan görüşündə TRIPP layihəsinin müzakirəyə çıxarılması regional bağlantı məsələsinin siyasi gündəmdə mühüm yer tutduğunu göstərir. Paşinyan özü də Nyu-Yorkda keçirilən “Concordia” sammitində hazırkı səylərin TRIPP-in həyata keçirilməsinə yönəldiyini və layihənin regional bağlantıları genişləndirəcəyini bildirib. Layihənin reallaşması Azərbaycan, Ermənistan və Türkiyə arasında nəqliyyat əlaqələrinin yeni mərhələyə keçməsinə şərait yarada bilər. Züriyə Qarayeva bildirib ki, bunun iqtisadi tərəfi ilə yanaşı, mühüm geosiyasi tərəfi də var, çünki Cənubi Qafqaz Avropa ilə Asiya arasındakı nəqliyyat marşrutlarının kəsişdiyi strateji ərazidir. Yeni bağlantıların yaranması region dövlətlərinə nəqliyyat marşrutlarını şaxələndirmək və beynəlxalq tranzit sistemlərində iştiraklarını genişləndirmək imkanı verə bilər:
“Buna görə də TRIPP-in gələcək taleyi təkcə Azərbaycan-Ermənistan münasibətləri deyil, Türkiyə-Ermənistan normallaşması və ümumilikdə Cənubi Qafqazın yeni iqtisadi arxitekturası baxımından da diqqətlə izləniləcək”.
Zülfü Məmmədov
















