• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

ABŞ-nin ƏN BÖYÜK QORXUSU nədir? - Dollar imperiyası təhlükədə

SİYASƏT

24 Sentyabr 2026 | 13:18 | Müəllif: Zeynəb Rzayeva

ABŞ-nin ƏN BÖYÜK QORXUSU nədir? - Dollar imperiyası təhlükədə

Si Cinpinin ABŞ-yə səfəri çərçivəsində Pekinin Tayvan məsələsini yenidən “qırmızı xətt” elan etməsi Vaşinqton-Pekin münasibətlərində gərginliyin əsas səbəblərindən birini gündəmə gətirib.

Bəs bu mövqenin iki ölkə arasındakı danışıqlara və qlobal təhlükəsizliyə təsiri necə olacaq?

Politoloq Azad Məsiyev məsələni Bakıvaxtı.az-a şərh edərkən dünyada baş verən hadisələri ABŞ-nin strateji planının tərkib hissəsi kimi təhlil etməyin daha məqsədəuyğun olduğunu bildirib.

Onun sözlərinə görə, ABŞ-nin strategiyası birqütblü dünya yaratmaq və onu Amerika imperiyasının təsiri altında idarə etməkdən ibarətdir. İstər respublikaçılar, istərsə də demokratlar hakimiyyətdə olsun, bu strategiyaya xidmət edilir və onu qorumaq üçün addımlar atılır:

“Amerika imperiyası üçün üç təhlükə mənbəyi var. Biri Rusiyanın hərbi gücünə görə təhlükə mənbəyidir. İkincisi, Çin iqtisadi gücünə görə təhlükə mənbəyidir. Üçüncüsü də Avropanın maliyyə gücünə görə təhlükə mənbəyidir.

Çinlə ABŞ arasında baş verən hadisələr də bu nöqteyi-nəzərdən təhlil edilməlidir. ABŞ Çini iqtisadi cəhətdən zəiflətmək üçün Çin ətrafında qaynar ocaqlar yaratmağa çalışır.

Öncə iqtisadiyyatına zərbə vurmaq üçün onun enerji qaynaqlarını kəsmək istəyir. İqtisadiyyatın işləməsi üçün şərtlər var, onlardan biri enerjidir, ikincisi isə xammaldır. Çin iqtisadiyyat üçün enerjisini həm İrandan, həm də Venesueladan alırdı”, – deyə politoloq qeyd edib.

Müsahibimizin fikrincə, ABŞ Venesuelaya müdaxilə edib və ölkənin neftinə nəzarət edir. Onun sözlərinə görə, Venesuela neftinin Çinə satılmasına məhdudiyyət qoyulur.

Ekspert İran məsələsinə də toxunub. O bildirib ki, İran neftinin 70-80 faizi Çinə satılırdı və ABŞ-nin İrana təzyiqinin səbəblərindən biri də bununla bağlıdır:

“İranı da məhz buna görə ABŞ işğal etmək istəyirdi. Düzdür, hərbi əməliyyat fiaskoya uğrasa da, yenə də həmin təzyiqi İrana göstərməkdədir. ABŞ-nin Çinə qarşı siyasətində Tayvan məsələsi də mühüm yer tutur.

Hazırda da, bildiyiniz kimi, ABŞ Çin ətrafında müəyyən gərginlik yaradır. Tayvanı silahlandıraraq Çinin əleyhinə qızışdırır. Çin dövləti də vahid Çin dövlətinin mövqeyini ortaya qoyaraq Tayvan ətrafında baş verən hadisələrə biganə qala bilməz”.

Müsahibimiz bildirib ki, Sakit okean hövzəsində baş verən gərginlik də Çinə qarşı hesablanıb:

“Bunu Çin rəsmiləri gözəl bilir ki, ABŞ-nin məqsədi Çin iqtisadiyyatını çökdürməkdir.

Çin iqtisadi gücünü artırmaqla yanaşı, hərbi gücünü də genişləndirir və müttəfiqləri vasitəsilə qlobal gücə çevrilir.

Çin Şanxay Əməkdaşlıq Təşkilatında söz sahibidir, eyni zamanda BRICS təşkilatında aparıcı dövlətlərdəndir”, – deyə politoloq qeyd edib.

Azad Məsiyev: ABŞ-nin məqsədi Çin iqtisadiyyatını çökdürməkdir

A.Məsiyev hesab edir ki, BRICS çərçivəsində ortaq pul vahidi və ödəniş sisteminin yaradılması ABŞ üçün ciddi narahatlıq doğurur:

“Çünki ABŞ-nin gücü tankda, topda, raketdə deyil. ABŞ-nin gücü dollardadır. Dollar dünya valyutası kimi zəifləyirsə, ABŞ-nin imperiyası da zəifləmiş olur”.

Politoloq Avropanın maliyyə gücünün və avronun da ABŞ üçün təhlükə mənbəyi olduğunu bildirib. Avropada yaranan iqtisadi və hərbi xaosun məqsədi Avropa iqtisadiyyatının zəifləməsinə və avronun dünya valyutası kimi dollara təhlükə yaratmamasına hesablanıb.

Ekspert həmçinin Donald Trampın Çin rəhbəri ilə danışıqlarına toxunub. O hesab edir ki, bu danışıqların pərdəarxasında Çinin BRICS çərçivəsində yeni dünya valyutasının yaradılmasına dəstək verməməsi məsələsi də dayana bilər.

“Amerika qorxduğu dünyada alternativ dünya valyutasının dövrəyə girməsindən çox böyük narahatdır. ABŞ Çini həm iqtisadi, həm də hərbi baxımdan zəiflətmək istəyir və bu məqsədlə Tayvandan istifadə edir.

Məsələ Tayvan deyil. Hətta Sakit okean hövzəsində olan dövlətlərdən, Koreyadan, Yaponiyadan da istifadə etməkdədir. Yəni özləri məqsədlərinə çatmaq üçün onlardan alət kimi istifadə etməkdir”, – deyə Məsiyev vurğulayıb.

Politoloq bildirib ki, Çin ABŞ-nin addımlarını soyuqqanlılıqla qarşılayır və öz dövlət və milli maraqlarından çıxış edir:

“Çin kimi, Rusiya kimi dövlətlər bunu qəbul etməyəcək. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı və ya BRICS təşkilatı çərçivəsində yeni güc mərkəzi formalaşır. Artıq çoxqütblü bir sistemin formalaşması reallaşır və təbii ki, bundan Amerika çox böyük narahatdır”, – deyə Azad Məsiyev əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR