Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas strateji məsələlərdən biri enerji gəlirlərindən asılılığın mərhələli şəkildə azaldılması və qeyri-neft sektorunun yeni dayaqlarının formalaşdırılmasıdır. Bu baxımdan 2027-2030-cu illəri əhatə edən dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə Dövlət Proqramı yalnız iqtisadi sənəd kimi qiymətləndirilməməlidir.
Söhbət ölkənin malik olduğu mineral ehtiyatların daha səmərəli istifadəsindən, onların xammal şəklində deyil, daha yüksək əlavə dəyər yaradan məhsula çevrilməsindən gedir. Bu isə Azərbaycanın iqtisadi təhlükəsizliyinin və uzunmüddətli dayanıqlığının gücləndirilməsi deməkdir.
Uzun illər Azərbaycanın dünya iqtisadiyyatındakı mövqeyinin əsas dayaqlarından biri neft və qaz olub. Enerji resursları ölkənin inkişafında, iri infrastruktur layihələrinin həyata keçirilməsində və maliyyə imkanlarının genişlənməsində mühüm rol oynayıb. Lakin dəyişən dünya iqtisadiyyatı göstərir ki, yalnız enerji ixracına əsaslanan model uzunmüddətli perspektiv üçün kifayət deyil. Buna görə növbəti mərhələdə əsas məqsəd mövcud təbii sərvətləri sadəcə ixrac etmək deyil, onları ölkə daxilində emal etmək, istehsal zəncirləri yaratmaq və hazır məhsulun ixrac imkanlarını genişləndirməkdir.
Yeni Dövlət Proqramının diqqətçəkən tərəflərindən biri də böyük həcmdə investisiyanın nəzərdə tutulması və bu vəsaitin əsas hissəsinin qeyri-büdcə mənbələri hesabına formalaşdırılmasıdır. Bu yanaşma dövlətin iqtisadiyyatda yalnız maliyyələşdirici deyil, istiqamət müəyyən edən və özəl kapital üçün əlverişli mühit yaradan tərəf kimi çıxış etməsinə hesablanıb. Dağ-mədən və metallurgiya sənayesinə yeni investisiyaların cəlb edilməsi paralel olaraq yeni müəssisələrin, iş yerlərinin, texnologiyaların və peşəkar kadr potensialının yaranmasına imkan verə bilər. Beləliklə, təbii sərvətin iqtisadi dəyəri yalnız onun hasilatı ilə deyil, onun ətrafında formalaşan bütöv sənaye ekosistemi ilə ölçüləcək.
Məsələnin digər mühüm tərəfi Qarabağ və Şərqi Zəngəzurun ölkənin yeni iqtisadi inkişaf modelinə inteqrasiyasıdır. Azad edilmiş ərazilərdə geoloji tədqiqatların genişləndirilməsi və mövcud mineral ehtiyatların dəqiq qiymətləndirilməsi həmin bölgələrin gələcək iqtisadi potensialının müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Bu ərazilərin bərpası yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmır. Məqsəd burada uzunmüddətli iqtisadi fəaliyyət, istehsal və məşğulluq imkanlarının yaradılmasıdır. Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın ümumi iqtisadi sisteminə istehsal yaradan regionlar kimi daxil olması Böyük Qayıdış prosesinin dayanıqlılığı baxımından da xüsusi əhəmiyyət daşıyır.
Bu prosesin geosiyasi tərəfi də diqqətdən kənarda qalmamalıdır. Müasir dünyada kritik minerallar, metallar və sənaye xammalı uğrunda rəqabət getdikcə güclənir. Enerji keçidi, elektrik avtomobillərinin yayılması, yüksək texnologiyalar və müdafiə sənayesinin inkişafı müəyyən mineral ehtiyatlara tələbatı artırır. Belə şəraitdə öz təbii ehtiyatlarını araşdıran, emal imkanlarını genişləndirən və ixrac marşrutlarını şaxələndirən dövlətlər qlobal iqtisadi sistemdə əlavə üstünlüklər əldə edirlər. Azərbaycanın əlverişli coğrafi mövqeyi və formalaşdırdığı nəqliyyat infrastrukturu isə istehsal ediləcək məhsulların xarici bazarlara çıxarılması üçün əlavə imkan yaradır.
Beləliklə, qarşıdakı illərdə əsas məsələ Azərbaycanın hansı həcmdə mineral ehtiyata malik olması ilə yanaşı, həmin ehtiyatlardan hansı iqtisadi model çərçivəsində istifadə etməsi olacaq. Xammal ixracından emala, emaldan isə yüksək əlavə dəyərli istehsala keçid uğurla həyata keçirilərsə, ölkə iqtisadiyyatında yeni sənaye dayaqları formalaşa bilər. Bu yanaşma qeyri-neft ixracının genişləndirilməsinə, regionların iqtisadi fəallığının artmasına və yeni investisiya imkanlarının yaranmasına xidmət edə bilər. Azərbaycanın qarşısında duran növbəti mərhələ təbii sərvətləri yalnız gəlir mənbəyi kimi deyil, texnologiya, istehsal və uzunmüddətli iqtisadi dayanıqlıq yaradan strateji kapital kimi dəyərləndirməkdir.
Züriyə Qarayeva
















