Rusiya prezidenti Vladimir Putin Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunub. Ancaq Putinin adıçəkilən tədbirdə iştirakı ilə bağlı yekun qərar hələ verilməyib.
ABŞ-nin Rusiyaya qarşı bu jesti Qərbin mövqeyində yumşalma olduğunu göstərə bilərmi? Putin sammitdə iştirak edərsə, bu, Rusiya-Qərb münasibətlərinə necə təsir edə bilər?
Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Kamran Məmmədli bildirib ki, sözügedən dəvəti Qərbin mövqeyində prinsipial bir yumşalma kimi qiymətləndirmək yanlış olar. Onun sözlərinə görə, G20-nin protokol qaydaları ev sahibi ölkəyə bütün üzv dövlətləri dəvət etmək öhdəliyi qoyur:
“Yəni, bu faktı ABŞ-nin Rusiyaya xüsusi bir xoşməramlı jesti kimi qələmə vermək Kremlin öz daxili auditoriyası üçün hazırladığı bir təbliğatdır. Düzdür, Tramp Administrasiyası dövründə ABŞ-nin Rusiyaya qarşı xeyli yumşalması müşahidə olunur. Lakin bu, indiyənədək Qərbin mövqeyində hansısa dəyişikliyə səbəb olmayıb”.

Kamran Məmmədli, politoloq
Müsahibimiz hesab edir ki, hətta Putinin sammitdə iştirakı baş tutsa belə, bu, Rusiya-Qərb münasibətlərində heç bir yaxınlaşmaya və ya əvvəlki əlaqələrin bərpasına yol açmayacaq.
Məmmədlinin fikrincə, Putinin iştirakı fonunda yarana biləcək təmas sammit meydanında Qərb liderlərinin Kremlin üzünə beynəlxalq hüququn pozulmasının, hərbi cinayətlərin və Ukrayna torpaqlarının işğalının qəbuledilməz olduğunu bir daha ən yüksək səviyyədə bəyan etməsi üçün fürsətə çevrilə bilər.
"Hər bir halda növbəti addımlar və gələcək bizə daha aydın təsəvvür yaratmağımıza imkan verəcək. Hazırda yumşalma yönündə real irəliləyişin olmadığını düşünürəm", - deyə Kamran Məmmədli qeyd edib.
Gülşən Şərif
















