Bu gün Azərbaycan ailəsində münasibətlər dəyişir. Qonaq getmək, qonaq qarşılamaq ənənəmiz unudulur.
Bəs görəsən, insanların bu ənənədən uzaqlaşmasının səbəbi nədir? Demək olarmı ki, texnologiyanın inkişafı adət-ənənələri arxa plana salır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova bildirib ki, qonaq gedib-gəlmək ənənəsinin gözəl tərəfi "sən mənim üçün vacibsən, səni görmək istəyirəm", "sənə baş çəkib, səni yoxlamaq istəyirəm" mənasını verməsidir. Bu hiss əvvəlki qədər sıx şəkildə olmasa da, qorunur.
Onun sözlərinə görə, qonaq gediş-gəlişinin azalması da təbiidir. Səbəblər isə müxtəlifdir:
"Birincisi, qonaq qəbul etmək çətinləşib. Əvvəllər "qapı hər zaman açıqdır" düşüncəsi daha güclü idi. İndi isə evin hazırlanması, yemək və digər hazırlıqlar bəzən insanlarda əlavə yük hissi yaradır. Əvvəllər qonağın qəfil gəlməsi evdə böyük bir hadisə sayılmırdı. Qapı döyülürdü, qonaq içəri girirdi, evdə nə vardısa süfrəyə qoyulurdu. Çay dəmlənirdi, söhbət başlayırdı. Süfrənin zənginliyi yox, qonağın özü əsas idi. İndi isə vəziyyət bir qədər fərqlidir. Qonaq gəlməmişdən əvvəl evin səliqəyə salınması, yeməklərin hazırlanması, süfrənin bəzədilməsi, hətta "qonağa layiq" görünmək üçün hər şeyin mükəmməl olması düşünülür. Sanki qonaq sadəcə söhbət etməyə yox, evimizi və həyatımızı qiymətləndirməyə gəlir.
Bəzən bir qonağın gəlməsi üçün ev sahibi əvvəlcədən yorulur. "Evdə heç nə yoxdur", "Nə bişirim?", "Ev dağınıqdır", "Qonaq üçün uyğun heç nəyim yoxdur" kimi fikirlər insanı qonaq qəbul etməkdən çəkindirir. Halbuki bizim əvvəlki qonaqlıq mədəniyyətimizdə belə bir gözəl düşüncə vardı: qonaq üçün mükəmməl ev yox, açıq qapı lazım idi. Əvvəllər bir boşqab yemək, bir stəkan çay və səmimi söhbət kifayət edirdi. İnsanlar qonağa "mənim imkanım budur" deyə utanmırdı. Əksinə, evdə olanı paylaşmaq özü bir hörmət hesab olunurdu. Bu gün isə sosial şəbəkələr də müəyyən mənada bu vəziyyəti dəyişib. Gözəl süfrələr, ideal evlər, xüsusi hazırlanmış yeməklər gördükcə insan öz evində də eyni mükəmməlliyi yaratmağa çalışır. Beləcə, qonaqpərvərlik sadə bir münasibətdən hazırlıq tələb edən bir "tədbirə" çevrilə bilir".
Psixoloq hesab edir ki, digər səbəblərdən biri də insanların bir-birindən uzaq yaşamasıdır. Əvvəllər insanlar çox vaxt bir-birinə daha yaxın yaşayırdılar. Qohumlar eyni həyətdə, eyni məhəllədə və ya yaxın kəndlərdə olurdu. Birinin evinə getmək üçün uzun yol qət etmək lazım gəlmirdi. "Axşam bizə gəl", "Sabah sizə gələcəyik" demək çox adi idi.
Müsahibimiz bildirib ki, lakin zamanla insanlar iş və yaşayış imkanlarına görə müxtəlif yerlərə köçdülər. Bəzən bacı-qardaş, övlad-valideyn, yaxın qohumlar belə şəhərin müxtəlif rayonlarında, hətta müxtəlif şəhər və ölkələrdə yaşamağa başladılar:
“Məsələn, əvvəllər bir qohumun evinə 10-15 dəqiqəyə piyada getmək mümkün idisə, indi həmin qohuma getmək üçün avtobus, metro və ya avtomobildən istifadə etmək, bəzən isə saatlarla yolda qalmaq lazım gəlir. Bu da spontan qonaq getmələri azaldır”.
Həmsöhbətimizə görə, bundan başqa, fərdi həyat anlayışı güclənib. Əvvəllər insanın həyatı daha çox ailə, qohum və qonşularla birlikdə qurulurdu. Kimin haraya getdiyi, kimin evinə kimin gəldiyi, ailədə nə baş verdiyi daha çox ümumi mühitin bir hissəsi idi. Qohumlar bir-birinin həyatında daha fəal iştirak edirdilər:
“Müasir dövrdə isə insanın şəxsi məkanına, şəxsi vaxtına və şəxsi seçimlərinə verdiyi əhəmiyyət artıb. Get-gedə qonaqlıq daha planlı xarakter alır".
Artıq insanların boş vaxtlarını yalnız qohumlarla keçirmədiyini bildirən L.Qurbanovanın fikrincə, bu amil də qonaq gediş-gəlişinin azalmasına səbəb olur:
"İnsanların öz maraqları, dostları, işləri, istirahət planları və şəxsi məşğuliyyətləri var. Bəzən insan işdən sonra qonaqlığa getmək əvəzinə, evdə sakit qalmağa üstünlük verir. Burada maraqlı məqam odur ki, fərdi həyatın güclənməsi insanları mütləq tənhalaşdırmır. Sadəcə münasibətlərin sərhədlərini dəyişir. Həmçinin telefon, "WhatsApp", sosial şəbəkələr əlaqəni saxlamağı asanlaşdırıb, amma üz-üzə görüşləri müəyyən qədər əvəz edib. Əvvəllər bir insanla əlaqə saxlamağın ən təbii yolu üz-üzə görüşmək idi. Darıxanda onun evinə gedirdik, halını soruşurduq, bir stəkan çay içib söhbət edirdik. Xüsusilə uzaqda yaşayan qohumlarla görüşmək münasibətləri qorumağın əsas yollarından biri idi. İndi isə texnologiya insanlarla əlaqə saxlamağı çox asanlaşdırıb. Bir neçə saniyəyə "WhatsApp"da mesaj yazmaq, səsli mesaj göndərmək, şəkil paylaşmaq və ya videozəng etmək mümkündür.
Məsələn, əvvəllər "Necəsən?" demək üçün qohumun evinə getmək lazım gəlirdisə, indi bu sualı telefon vasitəsilə bir neçə saniyəyə verə bilirik. Bu imkan, əlbəttə, çox faydalıdır. Uzaqda yaşayan insanlar əlaqəni daha asan qoruyurlar. Amma burada bir paradoks yaranır: əlaqə saxlamaq asanlaşdıqca, bəzən görüşməyə ehtiyac hissi də azalır. İnsan düşünür ki, "Onsuz da hər gün "WhatsApp"da danışırıq", "Şəkillərini görürəm", "Videozənglə danışdıq". Beləliklə, telefon ünsiyyəti qoruyur, amma bəzən görüşmənin yerini tutur".
Lamiyə Qurbanova: Yaşlı nəsil qohumlarla müntəzəm görüşməyi vacib hesab edə bilər, gənclər isə...
Psixoloq vurğulayıb ki, müasir imkanların zənginliyinə baxmayaraq, üz-üzə görüşün özünəməxsus tərəfi var. Birlikdə çay içmək, qarşı-qarşıya oturmaq, söhbət zamanı mimikaları görmək, gülmək, bir-birinin yanında olmaq virtual ünsiyyətdə tam şəkildə yaşanmır.
"Əvvəllər bir qohumun həyatından xəbər tutmaq üçün onunla görüşmək lazım gəlirdisə, indi onun paylaşdığı şəkillərdən, statuslardan və yazılardan xəbərdar olmaq mümkündür. Beləliklə, insan haqqında məlumatımız artır, amma onunla keçirdiyimiz real vaxt azala bilər. Ona görə də texnologiya qonaq gedib-gəlmək ənənəsini tamamilə yox etməyib. Sadəcə, "görüşərək əlaqə saxlamaq" ənənəsinə yeni bir alternativ yaradıb”.
L.Qurbanova qeyd edib ki, yaşlı nəsil qohumlarla müntəzəm görüşməyi vacib hesab edə bilər, gənclər isə münasibəti başqa yollarla davam etdirməyi normal qəbul edirlər. Yaşlı nəsil üçün qohumluq münasibətləri daha çox müntəzəm görüşmək, hal-əhval tutmaq, bir süfrə arxasında oturmaq vasitəsilə qorunurdu:
“Məsələn, qohumun uzun müddət gəlməməsi "niyə bizi yaddan çıxarmısınız?" kimi qəbul edilə bilərdi. Onlar üçün qohumluq münasibətinin canlı qalmasının əsas göstəricilərindən biri gedib-gəlmək idi. Gənc nəsildə isə ünsiyyət vasitələri və həyat tərzi dəyişib. Onlar qohumları ilə "WhatsApp"da yazışa, telefonla danışa, sosial şəbəkədə əlaqə saxlaya bilirlər. Buna görə də gənc insan üçün "tez-tez görüşmürüksə, deməli münasibətimiz yoxdur" düşüncəsi mütləq doğru deyil".
Müsahibimiz son olaraq bildirib ki, qonaq gedib-gəlmək ənənəsinin zəifləməsi cəmiyyətin həyat tərzi, ünsiyyət vasitələri, nəsillərin münasibətlərə baxışlarının dəyişməsi ilə qarşılıqlı əlaqədədir.
“Bu mövzuya "ənənə itir" kimi yox, "ənənə yeni formaya düşür" kimi pozitiv yanaşmaq olar”, - Lamiyə Qurbanova əlavə edib.
Gülşən Şərif
















