• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Ermənistanda revanşist ritorika güclənir: Sülh prosesi təhlükədədir?

SİYASƏT

25 Sentyabr 2026 | 13:42 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanda revanşist ritorika güclənir: Sülh prosesi təhlükədədir?

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla sentyabrın 24-də Nyu-Yorkda görüş keçirib. Görüş Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində reallaşıb.

Qeyd olunub ki, hər iki nazir Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayaraq 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində nail olunmuş razılaşmalardan sonra əldə edilmiş irəliləyişi nəzərdən keçirib. Nazirlər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Nazirlər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin “Sülh Körpüsü” çərçivəsində İrəvanda keçirilməsi nəzərdə tutulan görüşü təxirə salınıb. Buna səbəb son günlərdə ermənilərin Azərbaycana qarşı təxribatçı hərəkətlərə və qarayaxma kampaniyasına rəvac verməsidir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki, son günlərdə baş verənlər arzuolunan deyil.

Onun sözlərinə görə, ölkəmiz əleyhinə kampaniya göstərdi ki, revanşist təfəkkürdə olanlar sadəcə müxalifətdə deyil, hakimiyyətdə də təmsil olunurlar:

“Bu da əlbəttə ki, Bakının narahatlığına səbəb olmaya bilməz. Lakin sülh gündəliyi daha geniş məfhumdur və indiki dönəmdə belə hadisələrin baş verəcəyi də istisna edilmir. Ermənistanda revanşist düşüncədə olanların sayı kifayət qədərdir. Paşinyan hökumətində, hətta bəlkə elə baş nazirin özündə təəssübkeşlik qalmaqdadır. Ancaq buna rəğmən, hər iki tərəf qəbul edir ki, ortada sülh gündəliyi var. Sülh gündəliyi artıq çox dərin siyasi bir məsələdir. O cümlədən, kifayət qədər güclü mərkəzlər, aparıcı dövlətlər də sülh gündəliyinin reallaşmasında maraqlıdırlar. Tərəflər də fərqindədir ki, sülh gündəliyindən kənarlaşmaq olmaz”.

İlqar Vəlizadə: Azərbaycanın ciddi müdaxiləsi prosesin məcrasından çıxmasına imkan verməyəcək

Siyasi şərhçi bəyan edib ki, həm Bakı, həm İrəvan sülhün irəliyə daşınması istiqamətində mühüm addımlar atıblar, ikitərəfli, birbaşa dialoqun nəticələri də göz önündədir:

“Ortada razılaşdırılmış prinsipial sənədlər var. Yəni bu proses artıq geriyədönməz xarakter alıb. Ona görə də Ermənistan tərəfi sülh prosesini yubadacaq, əngəlləyəcək təşəbbüslərə yol verməməli, keçmiş hakimiyyətin narrativlərinin yenidən qol-qanad açmasına imkan yaratmamalıdır. İrəvan destruktiv addımlardan çəkinməlidir. Təcrübə göstərir ki, Azərbaycanın ciddi müdaxiləsi prosesin öz məcrasından kənara çıxmasına imkan verməyəcək”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR