Azərbaycan 2027–2030-cu illəri əhatə edən milli inkişaf strategiyasını yeniləyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, strategiyanın əsas istiqamətlərindən biri iqtisadiyyatın özəl sektorun aparıcı rolu ilə şaxələndirilməsidir. Bu çərçivədə istehsal, sənayeləşmə və xidmət sahələrinə, eləcə də insan kapitalına investisiyaların artırılması nəzərdə tutulur.
Cabbarov bildirib ki, enerji keçidi və süni intellektdən istifadə iqtisadi məhsuldarlığın, dövlət xidmətlərinin və digər sahələrin inkişafına xidmət etməlidir.
Nazir uzunmüddətli maliyyələşməyə çıxışın genişləndirilməsinin və kapital bazarlarının inkişaf etdirilməsinin də qarşıdakı dövr üçün əsas prioritetlərdən olduğunu vurğulayıb.
O qeyd edib ki, regional tərəfdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Orta Dəhliz yalnız nəqliyyat və tranzit marşrutu kimi deyil, həm də ticarət, emal, maliyyə xidmətləri və investisiya imkanlarının genişləndirilməsi baxımından nəzərdən keçirilir:
“Biz növbəti keyfiyyət mərhələsinə keçmək üçün bir-birimizə daha çox ehtiyac duyuruq. Birlikdə daha böyük bazar və daha şaxələndirilmiş resurslara malik oluruq”, – deyə Cabbarov bildirib.
Onun sözlərinə görə, regional əməkdaşlığın dərinləşdirilməsi sərhədlərdə rəqəmsallaşma, məlumat və yük axınlarının emalı kimi proseslərin uyğunlaşdırılmasını da tələb edir.
Zeynəb Rzayeva
















