• Bakı 21° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tacik nazir: "Asılılığı azaltmaq üçün şaxələndirməyə gedirik"

İQTİSADİYYAT

25 Sentyabr 2026 | 11:43 | Müəllif: Günəş Mərd

Tacik nazir: "Asılılığı azaltmaq üçün şaxələndirməyə gedirik"

"Tacikistan qlobal iqtisadi qeyri-müəyyənlikləri iqtisadiyyatın struktur transformasiyası üçün imkan kimi qiymətləndirir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, dünyada baş verən proseslər bütün ölkələrə təsir edir və Tacikistan da bundan istisna deyil. Onun sözlərinə görə, ölkənin əsas məqsədi dayanıqlı iqtisadi artımı təmin etmək, xarici amillərdən asılılığı azaltmaq və iqtisadiyyatın şaxələndirilməsini davam etdirməkdir.

Nazir qeyd edib ki, Tacikistanda 2030-cu ilədək Milli İnkişaf Strategiyasının icrası davam etdirilir. Bu çərçivədə sənayeləşmə, özəl sektorun inkişafı, investisiyaların cəlb edilməsi, ixrac potensialının genişləndirilməsi və yeni iş yerlərinin yaradılmasına xüsusi diqqət yetirilir.    

Abdurahmonzoda investisiya və biznes mühitinin yaxşılaşdırılmasının da prioritet olduğunu vurğulayıb. O bildirib ki, özəl sektor və xarici investorlar üçün Tacikistanın etibarlı və uzunmüddətli tərəfdaş kimi qəbul ediləcəyi şərait yaradılmasına çalışılır.

Onun sözlərinə görə, rəqabət, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, investisiya qanunvericiliyi, enerji və iqtisadiyyatın digər əsas sahələrində islahatlar aparılır.

Nazir ölkənin enerji potensialının inkişafını da əsas prioritetlərdən biri kimi göstərib. O, Roqun Su Elektrik Stansiyası layihəsinin həyata keçirilməsinin Tacikistanın enerji təhlükəsizliyi ilə yanaşı, sənayenin inkişafı, yeni iş yerlərinin yaradılması və regional enerji əməkdaşlığının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığını bildirib.

Abdurahmonzoda Tacikistanın dənizə çıxışı olmayan ölkə olduğunu xatırladaraq nəqliyyat və ticarət bağlantılarının inkişafının xüsusi əhəmiyyət daşıdığını deyib. O, Mərkəzi Asiya, Çin, Cənubi Asiya, MDB ölkələri və digər regionların bazarları ilə əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib:

“Qlobal qeyri-müəyyənlik şəraitində iqtisadi dayanıqlılıq yalnız bir istiqamətə və ya bir tərəfdaşa güvənməklə təmin edilə bilməz”, – deyə nazir bildirib.

O əlavə edib ki, Tacikistan xarici iqtisadi əlaqələrini şaxələndirməyə, ticarət və investisiya tərəfdaşlarının dairəsini genişləndirməyə çalışır.

Nazirin sözlərinə görə, ölkə yeni tərəfdaşlıqlara və birgə investisiya layihələrinə, həmçinin ticarət, nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat və sənaye əməkdaşlığı sahələrində əlaqələrin genişləndirilməsinə açıqdır.

Abdurahmonzoda bildirib ki, Tacikistanın məqsədi qlobal iqtisadiyyatda baş verən dəyişikliklərə sadəcə uyğunlaşmaq deyil, bu dəyişikliklərdən iqtisadi transformasiyanı sürətləndirmək, rəqabət qabiliyyətini artırmaq və dayanıqlı artımı təmin etmək üçün istifadə etməkdir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR