Almaniyanın qərbində vandalizm və kabel oğurluğu nəticəsində dəmir yolu nəqliyyatında genişmiqyaslı fasilələr yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, “Der Spiegel”in yaydığı məlumata görə, hadisə barədə polisə səhər saat 04:55-də məlumat daxil olub. Naməlum şəxslərin müdaxiləsi nəticəsində siqnalizasiya və qatarların idarəetmə sistemləri tamamilə sıradan çıxıb.
Müstəntiqlərin ilkin qənaətinə görə, cinayətkarlar qəsdən hərəkət ediblər. Belə ki, dəmir yolu boyunca kabellərin bir neçə yerdən kəsilərək çıxarıldığı müəyyənləşdirilib.
Gelzenkirxen-Yukendorf istiqamətində dəmir yolunun bir hissəsində kabel oğurluğu ilə bağlı cinayət işi açılıb.
Nəşrin məlumatına görə, hadisə Almaniyada uzun məsafəli qatarların hərəkətində ciddi problemlərə səbəb olub. Xüsusilə Münhen, Köln və İsveçrənin Bazel şəhərinə gedən əsas marşrutlarda qatar xidmətində genişmiqyaslı pozuntular qeydə alınıb.
Hazırda Gelzenkirxen dəmir yolu qovşağının yaxınlığında qatarların hərəkəti tamamilə dayandırılıb. Təmir işlərinin nə vaxt başa çatacağı isə hələlik məlum deyil.
Murad İsmayıl
















