ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin beynəlxalq su yollarından keçən gəmilərdən rüsum tutulmasına qarşı çıxmaq barədə razılığa gəliblər.
Bakıvaxtı.az xəbər verir ki,Çin Mərkəzi Televiziyasının məlumatına görə, tərəflər bu razılaşmanı Vaşinqtonda keçirilən danışıqlardan sonra əldə ediblər.
Bəyanatda bildirilir ki, “İki ölkənin liderləri heç bir ölkənin və ya təşkilatın beynəlxalq su yollarından keçid üçün rüsum almaması barədə razılığa gəliblər”.
Qeyd edək ki, Si Cinpin Donald Trampın dəvəti ilə sentyabrın 23-25-də ABŞ-a dövlət səfəri edib. Bu, Çin liderinin on ildən artıq müddətdə Ağ Evə ilk səfəri, həmçinin ABŞ-a ikinci dövlət səfəri olub.
Razılaşma qlobal enerji ticarətinin əsas marşrutlarından biri hesab olunan Hörmüz boğazında gəmiçiliklə bağlı ciddi problemlərin yaşandığı bir vaxtda əldə edilib. Son həftələrdə İran ətrafında yaranmış münaqişə fonunda boğazdan gəmiçilik əhəmiyyətli dərəcədə azalıb.
Çin daha əvvəl beynəlxalq su yollarında naviqasiya azadlığının qorunmasına və Hörmüz boğazından normal gəmiçiliyin bərpa edilməsinə çağırıb.
Beynəlxalq dəniz hüququna əsasən, sahilyanı dövlətlərin beynəlxalq gəmiçilik üçün istifadə olunan boğazları bağlamasına yol verilmir. BMT Təhlükəsizlik Şurasının aprel ayında keçirilən iclasında da beynəlxalq hüququn beynəlxalq boğazlardan keçid üçün ayrıca ödənişlərin tətbiqini nəzərdə tutmadığı qeyd olunub.
















