Suriya Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və biznes əməkdaşlığını gücləndirmək üçün yeni mexanizmlər yaradır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat naziri Məhəmməd Nidal əş-Şəar Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, uzun illər dünyadan təcrid olunmuş Suriya hazırda beynəlxalq əlaqələrini bərpa etməyə və ölkənin yenidən qurulmasına çalışır.
Nazirin sözlərinə görə, Suriya bu gün sülhsevər, dost və açıq ölkə kimi digər dövlətlərlə sağlam münasibətlər qurmaq niyyətindədir.
Məhəmməd Nidal əş-Şəar qeyd edib ki, bu istiqamətdə artıq müxtəlif ölkələrlə biznes əlaqələrinin yaradılmasına başlanılıb. Onun sözlərinə görə, bir həftə əvvəl Özbəkistanda biznes şurasının yaradılması ilə bağlı razılaşma əldə olunub.
Nazir həmçinin Azərbaycanla Suriya-Azərbaycan Biznes Şurasının yaradılacağını açıqlayıb.
O vurğulayıb ki, Suriyanın dünya ilə yenidən əlaqələr qurması və itirilmiş iqtisadi münasibətləri bərpa etməsi asan proses deyil və ciddi səylər tələb edir.
Zeynəb Rzayeva
















