• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Moskva İrəvanı qazla sıxır? - AÇIQLAMA

SİYASƏT

25 Sentyabr 2026 | 15:49 | Müəllif: Qalib İbrahimoğlu

Moskva İrəvanı qazla sıxır? - AÇIQLAMA

Ermənistanın "Hraparak" qəzetinin yazdığına görə, İrəvan Gümrüdəki Rusiya hərbi bazasının gələcəyini müzakirə etməkdən və Rusiya kapitalı olan şirkətlərə qarşı tədbir görməkdən imtina edərsə, Moskva Ermənistana qaz tədarükünü dayandıra bilər. Moskvanın digər tələbi Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ)  və Avropa İttifaqı (Aİ) arasında seçim etməsidir. Məsələn, İrəvan ya Avropaya inteqrasiya prosesinə başlayan qanunu ləğv etməli, ya da bu məsələ ilə bağlı referendum üçün tarix təyin etməlidir.

Ermənistanın Rusiyanın qaz tədarükündən asılı ölkə olduğunu nəzərə alsaq, bu tədarükün dayandırılması iki ölkə arasındakı münasibətə necə təsir edə bilər?

Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Azər Qasımov bildirib ki, Rusiyanın Ermənistandakı hərbi bazası və Rusiya kapitalı olan şirkətlər məsələsi Ermənistan üçün həyati əhəmiyyət kəsb etsə də, Paşinyanın onlardan imtina məsələsi mümkün deyil:

"Məsələ ondadır ki, Paşinyan vaxtilə Ermənistan üçün əlverişli olmayan şərtlərlə bağlanmış müqavilələri dəyişmək istəyir. Onları Ermənistan üçün sərfəli şərtlərlə yenidən imzalamaq istəyir. Məsələn, 102-ci hərbi baza Ermənistanda 49 illik müqavilə ilə ödənişsiz əsasda yerləşib. Sadəcə Rusiya Ermənistana KTMT üzvü olduğu üçün daxili bazar qiymətinə silah satmağı boynuna götürüb, eləcə də ödənişsiz əsaslarla da bir sıra silahları Ermənistana verib. Amma indi bu məsələ, yəni Rusiya silahının müasir dövrdə uyğunluğu məsələsi artıq sual predmeti olduğu üçün Ermənistan başqa ölkələrdən silah almağa başlayıb. Rusiya silahlarından imtina edir".

Azər Qasımov: Ermənistan özünə əmin hərəkət edirsə, ya Qərbin qazına arxayındır, ya da...

Müsahibimiz hesab edir ki, qaz məsələsinin Ermənistana Rusiyadan dünya bazarından çox ucuz satılması da əsas məsələdir. Lakin görünən odur ki, Ermənistan  bu məsələdə də nəyəsə arxayındır.

"Azərbaycan və İranın Rusiyanı əvəz etmək potensialı nəzəri olsa da, bu məsələ siyasi olduğundan sual altındadır. Ermənistan qaz məsələsində özünə əmin hərəkət edirsə, ya Avropada olduğu kimi Qərbin sıxılmış qaz ehtiyatına arxayındır, ya da Ermənistanın Rusiyadan qazı dünya bazarı qiymətinə alması üçün vəsaiti var. Əslində bunun üçün Ermənistana elə də güclü vəsait lazım olduğunu hesab etmirəm. Avropa Ermənistana bunda yardım edə bilər”.

Politoloq ümumilikdə Rusiyanın Ermənistana qaz tədarükünü dayandırmasının mümkün olmadığını hesab edir. Dediyinə görə, Paşinyan komandasını cəzalandıracam deyə, Rusiya loyal erməni cəmiyyətinin böyük hissəsini də cəzalandırmaq və özündən uzaqlaşdırmaq istəməz.

A.Qasımov onu da qeyd edib ki, Rusiya və Ermənistan sadəcə bir-biri ilə oyun oynayır. Paşinyan bəlkə də qazı Rusiyadan daha ucuz almaq istəyir deyə Avropaya inteqrasiya oyununu ortaya atıb. Paşinyan yəqin ki, coğrafiya amilini yadından çıxarmayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR