Moskvada iki universitetdə eyni vaxtda təxliyə elan edilib.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya "Telegram" kanallarının məlumatına görə, Moskva Texniki Rabitə və İnformatika Universiteti (MTUCI) və Moskva Dövlət İdman və Turizm Universitetinin (MGUSIT) tələbə və əməkdaşları binalardan çıxarılıb.
Məlumata görə, Moskva vaxtı ilə saat 12:30 radələrində Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) yataqxanalarından birinin sakinləri də təxliyə olunub.
Bildirilib ki, Rusiya Milli Qvardiyasının əməkdaşları MTUCI-nin binasına gəlib. İlkin məlumata əsasən, ərazidə bomba təhlükəsi ilə bağlı araşdırma aparılacaq.
Bundan başqa, Moskva Dövlət Sosial və Texniki Elmlər Universitetində bütün dərslər ləğv edilərək tələbələr evə göndərilib. Tələbələrin sözlərinə görə, universitet rəhbərliyi qərarın səbəbini açıqlamayıb.
Qeyd edək ki, ötən gün Moskvada MTUCI və MGUSIT də daxil olmaqla, ən azı doqquz universitetdə təxliyə həyata keçirilib. Kino və Televiziya İnstitutu, Ümumrusiya Xarici Ticarət Akademiyası, Rusiya Teatr Sənəti İnstitutu və Moskva Beynəlxalq Universitetində də dərslər dayandırılıb.
Media məlumatlarına görə, təhsil müəssisələrinə bomba təhdidləri daxil olub, lakin sonradan həmin təhdidlərin yalan olduğu müəyyənləşib.
Murad İsmayıl
















