• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Netahyahunun İran mesajının arxasında nə dayanır?

SİYASƏT

25 Sentyabr 2026 | 14:37 | Müəllif: Qalib İbrahimoğlu

Netahyahunun İran mesajının arxasında nə dayanır?

“İsrail Yaxın Şərqdə bir çox istəklərinə nail olmaq üçün İranla davamlı münaqişədə maraqlıdır”.

Bunu Bakıvaxtı.az-a İsrailin Baş naziri Benyamin Netanyahunun İranda hakimiyyət dəyişikliyinin baş verəcəyi barədə proqnozuna münasibət bildirən siyasi şərhçi Tural İrfan deyib.

Qeyd edək ki, Netahyahu BMT Baş Assambleyasındakı çıxışı zamanı bu prosesin gözləniləndən daha tez reallaşacağını deyib. O bu dəyişikliklərin İran xalqının öz təşəbbüsü ilə baş verə biləcəyini bildirib.

Çıxışdan əvvəl bir sıra ölkələrin nümayəndə heyətləri Netanyahu tribunaya qalxmazdan əvvəl BMT Baş Assambleyasının zalını tərk edib. Netanyahu çıxışına başlamazdan əvvəl zalda qalan nümayəndələrə də oranı dərhal tərk etməyi çağırıb.

Tural İrfan qeyd edib ki, İsrail bu dəfə daha ağır hücum planı hazırlayır. Onun sözlərinə görə, Beyyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı İranda rejim dəyişikliyinin gözləniləndən daha tez baş verə biləcəyini elan etməsi birmənalı olaraq sadə ehtimallara və ya sadəcə ritorikaya əsaslanmır:

“Bu bəyanat, 2026-cı ilin fevralında ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatların və Tehrana endirilən dağıdıcı zərbələrin yaratdığı regional reallıqların birbaşa davamıdır və Netanyahu hesab edir ki, hələ müharibə başa çatmayıb. İsrail rəhbərliyi İranda rejim dəyişikliyini artıq sadəcə bir arzu deyil, cari hərbi-siyasi proseslərin reallaşdıra biləcəyi əlçatan bir hədəf hesab edir. İlin əvvəlində baş verən aktiv döyüşlərdən sonra tərəflər arasında müəyyən atəşkəs dövrləri yaşansa da, gərginlik tam səngiməyib”.

Tural İrfan, siyasi şərhçi

Analitikə görə, Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı göstərir ki, İsrail İranın yerdə qalan nüvə materiallarını tamamilə yox etmək və Tehrana bağlı regional proksi şəbəkəsini birdəfəlik çökdürmək üçün yeni hərbi əməliyyat variantlarını masa üzərində saxlayır. Siyasi şərhşi hesab edir ki, ABŞ-nin mövqeyindən asılı olmayaraq hücum hər an gerçəkləşə bilər. ABŞ-də Donald Tramp administrasiyasının hərbi kampaniyaya milyardlarla dollar xərclənməsi fonunda daxili təzyiqlərlə üzləşməsi və Hörmüz boğazındakı gəmiçilik böhranını həll etməyə çalışması Vaşinqtonu daha təmkinli olmağa və ya müəyyən atəşkəs formatlarına üstünlük verməyə sövq edir:

“ Lakin ABŞ hələ də İsraillə strateji koordinasiyanı da saxlayır. Netanyahu isə ABŞ-nin yardımlarından asılılığı gələcəkdə azaltmaq istədiklərini bildirərək, İsrailin lazım gəldikdə təkbaşına və daha aqressiv addımlar ata biləcəyinə işarə edir. Netanyahu İrandakı teokratik rejimin iqtisadi zərbələr, daxili korrupsiya və xalqın narazılığı səbəbindən son nəfəsini verdiyini iddia edir. O, xarici hərbi müdaxilə ilə yanaşı, İran xalqının daxildən üsyan edərək bu prosesi sürətləndirəcəyinə də ümid bəsləyir”.

Müsahibimiz əlavə edib ki, hər bir halda İsrailini Baş nazirinin sözləri sadəcə fərziyyə deyil:

“Bu, İsrailin regionda yaranmış hərbi üstünlüyü sonadək çatdırmaq üçün yeni zərbələrə və hərbi ssenarilərə hazırlaşdığının növbəti anonsudur. Bununla yanaşı İranın da geri addım atmaması, əksinə daha da aqressivləşməsi, təhdidlər etməsi İsrailin əlinə bir qədər də əsas verir”.

Aydın Baxış​​​


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR