"Azərbaycan böhranlar fonunda inkişaf kursunu qoruyub və iqtisadi dayanıqlığını gücləndirib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, böhranlarla qarşılaşdıqda əvvəl görülmüş işləri nəzərə almaq və mövcud siyasəti davam etdirmək mühüm əhəmiyyət daşıyır. Bu baxımdan ilk əsas məqam liderlikdir.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin baxışı və ölkənin əvvəlki dövrdə həyata keçirdiyi islahatlar Azərbaycanın iqtisadi dayanıqlığının formalaşmasına imkan verib. O, xüsusilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft və qaz gəlirlərinin artırılması, dövlət xidmətində islahatlar, eləcə də makroiqtisadi və fiskal sabitliyə yönəlmiş siyasəti qeyd edib.
M.Cabbarov qeyd edib ki, bu tədbirlər iqtisadiyyatda əsas ehtiyat buferlərinin formalaşmasına şərait yaradıb:
“Azərbaycan 2026-cı ildə olduğu kimi, 2022-ci ildə də müəyyən təsirlərlə üzləşib. Lakin mövcud buferlər bizə inkişaf kursunu qorumağa imkan verib”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, 2026-cı ildə enerji qiymətlərinin yüksəlməsi fonunda və 2027-ci il üçün yüksək proqnozların mövcud olduğu şəraitdə Azərbaycan dövlət büdcəsi gəlirlərində Dövlət Neft Fondundan transfertlərin payını 4,5 faizdən çox azaldıb.
“Başqa sözlə, biz kontrtsiklik siyasət həyata keçiririk”.
Nazir diqqət yetirilən digər əsas istiqamətin rəqəmsallaşma olduğunu bildirib. Onun sözlərinə görə, bu çərçivədə rəqəmsal inkişaf və keçid, milli süni intellekt strategiyası, eləcə də beşillik planı nəzərdə tutan Rəqəmsal İnkişaf Şurasının yaradılması kimi layihələr həyata keçirilir.
M.Cabbarov qeyd edib ki, bu fəaliyyət həm iqtisadiyyatın məhsuldarlığının, həm də ayrı-ayrı insanların məhsuldarlığının artırılmasına xidmət edir.
O, süni intellektin yaratdığı dəyişikliklər fonunda Azərbaycanın “AI maker” deyil, “AI taker” kimi fəal istifadəçi olmağa çalışdığını bildirib.
Nazir əlavə edib ki, Azərbaycan bununla yanaşı, ölkənin əsas üstünlüklərindən – coğrafi mövqedən, enerjiyə çıxış və enerji xərclərindən, insan kapitalından və bağlantılardan maksimum yararlanmağa çalışır:
“Biz sənayeləşməyə də diqqət yetirməyə davam edirik”, - deyə o vurğulayıb.
Zeynəb Rzayeva
















