• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Mikayıl Cabbarov: "Orta Dəhliz təkcə yük daşımayacaq"

İQTİSADİYYAT

25 Sentyabr 2026 | 10:38 | Müəllif: Günəş Mərd

Mikayıl Cabbarov: "Orta Dəhliz təkcə yük daşımayacaq"

“Müasir dəhliz yükdən daha çoxunu daşıyır. Burada beş axını fərqləndiririk: mal və xidmətlər, enerji, məlumat, kapital və ən əsası insanlar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, 2025-ci ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçıları arasında Məşvərət Görüşü formatının tamhüquqlu iştirakçısına çevrilib. Onun sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya ölkələri tranzit-logistika, enerji və investisiyalarla bağlı yanaşmalarını getdikcə daha çox əlaqələndirirlər.

M.Cabbarov qeyd edib ki, Azərbaycanda yerləşən şirkətlər üçün bu, bir tərəfdən Mərkəzi Asiya bazarlarına, digər tərəfdən isə Türkiyə və Avropaya çıxışı olan istehsal bazası deməkdir.

Nazir bildirib ki, Orta Dəhliz çərçivəsində məqsəd yalnız ticarətin həcmini artırmaq deyil, həm də əlavə dəyər yaratmaqdır. Onun sözlərinə görə, regiondan gətirilən xammal Azərbaycanda emal edilərək Türkiyə və Avropadakı müştərilərə təqdim olunur.

O vurğulayıb ki, Ələt Azad İqtisadi Zonası və ölkədəki sənaye parkları bu proses üçün zəruri platformanı təmin edir.

M.Cabbarov əlavə edib ki, yeni dəstək mexanizmləri müəyyən edilmiş limitlər çərçivəsində qeyri-neft ixracı üzrə uyğun nəqliyyat xərclərinin 70 faizədək hissəsinin qarşılanmasını nəzərdə tutur.

Nazirin sözlərinə görə, enerji sahəsində əsas məqsəd Azərbaycanın böyük bərpaolunan enerji potensialını ənənəvi enerji resurslarında olduğu kimi ixrac imkanına çevirməkdir:

“Azərbaycanda aparıcı qlobal şirkətlərlə birlikdə genişmiqyaslı yaşıl enerji layihələri artıq həyata keçirilir. Azərbaycan, Qazaxıstan və Özbəkistan liderləri tərəfindən COP29 çərçivəsində imzalanmış saziş Mərkəzi Asiyadan yaşıl enerji dəhlizinin yaradılması üçün zəmin formalaşdırır”, - deyə o bildirib.

Nazir qeyd edib ki, Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizi isə bərpaolunan elektrik enerjisinin Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur.

O əlavə edib ki, bu istiqamətlər investorlar üçün enerji istehsalı, ötürülməsi və enerji tutumlu sənaye sahələrində yeni imkanlar yaradır.

“Enerji enerji ilə bitmir. Bu, bizi məlumatlara aparır və məqsəd təbii olaraq rəqəmsal qovşağa çevrilməkdir”, - deyə nazir vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026