Hörmüz boğazı ətrafında aylardır davam edən gərginlik artıq təkcə hərbi qarşıdurma deyil, ABŞ-İran münasibətlərinin gələcəyini müəyyənləşdirəcək əsas diplomatik məsələyə çevrilib. İran xarici işlər naziri Abbas Əraqçi Nyu-Yorkda bildirib ki, Tehran vasitəçilər üzərindən Vaşinqtona yeddi günlük plan təqdim edib.
Təklifin mahiyyəti müəyyən şərtlərin yerinə yetiriləcəyi halda yeddi gün ərzində Hörmüz boğazının açılması və ABŞ-la danışıqların yenidən başlanmasıdır. Əslində Tehran bununla boğazın açılmasını ayrıca texniki məsələ kimi deyil, daha geniş siyasi razılaşmanın tərkib hissəsi kimi təqdim edir.
Son günlər Nyu-Yorkda aparılan təmaslar göstərir ki, tərəflər müəyyən mənada diplomatiyaya qayıtsalar da, əsas problem kimin ilk addımı atacağıdır. İran ABŞ-dən hərbi təzyiqin azaldılmasını, İran limanlarına tətbiq edilən blokadanın aradan qaldırılmasını və digər iqtisadi məhdudiyyətlərlə bağlı konkret addımlar gözləyir. Vaşinqton isə Hörmüzdə təhlükəsiz gəmiçiliyin bərpasını və Tehranın əvvəlcə real güzəşt nümayiş etdirməsini istəyir. Buna görə də hazırkı proses tammiqyaslı sülh danışıqlarından daha çox tərəflərin bir-birinin mövqeyini və güzəşt imkanlarını yoxladığı mərhələyə bənzəyir.
Məsələnin daha maraqlı tərəfi odur ki, müzakirə edilən variant yalnız Hörmüz boğazının açılması ilə məhdudlaşmır. Diplomatik mənbələrə görə, gündəmdə regional atəşkəs, boğazın mərhələli şəkildə açılması, ABŞ blokadasının aradan qaldırılması və daha geniş danışıqlar üçün konkret vaxt çərçivəsinin müəyyənləşdirilməsi də var. Tehran hətta 60 günədək regional atəşkəs variantını müzakirəyə çıxarıb. Bu baş verərsə, Hörmüz məsələsi ABŞ-İran qarşıdurmasının dayandırılması üçün daha böyük siyasi paketə keçidin başlanğıc nöqtəsinə çevrilə bilər.
Boğazın əhəmiyyəti isə onun coğrafi ölçülərindən qat-qat böyükdür. Müharibədən əvvəl dünya üzrə gündəlik xam neft və mayeləşdirilmiş təbii qaz təchizatının təxminən beşdə biri bu marşrutdan keçirdi. Son həftələrdə gəmi hərəkətinin kəskin azalması və ayrı-ayrı tankerlərə hücumlar enerji bazarlarında riskləri daha da artırıb. Deməli, Hörmüzün bağlı qalması yalnız ABŞ və İran arasında qarşıdurmanın elementi deyil; Çin və digər Asiya iqtisadiyyatlarından tutmuş Körfəz ölkələrinə və Avropaya qədər çox geniş coğrafiyanın enerji təhlükəsizliyinə toxunan məsələdir. Buna görə boğaz artıq Tehranın Vaşinqtonla danışıqlarında ən mühüm təsir vasitələrindən birinə çevrilib.
Burada Körfəz ölkələrinin mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və digər regional aktorlar bir tərəfdən boğazın açılmasını və enerji ixracının normallaşmasını istəyirlər, digər tərəfdən İranın Hörmüz üzərindən regional üstünlük əldə etməsindən ehtiyat edirlər. Qətər, Pakistan və Misirin vasitəçilik prosesində iştirak etməsi də göstərir ki, məsələ artıq yalnız Tehran və Vaşinqtonun ikitərəfli münasibətləri çərçivəsində həll edilə biləcək səviyyədə deyil. Eyni zamanda Qərb paytaxtlarında Hörmüzdə naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiya ideyasının müzakirəyə çıxması İrana alternativ təzyiq mexanizminin də hazırlandığını göstərir.
İndi əsas sual İranın yeddi günlük planının real razılaşmaya çevrilib-çevrilməyəcəyidir. Tehran Hörmüz kartından istifadə etməklə əvvəlcə ABŞ-dən konkret addımlar almağa çalışır, Vaşinqton isə qarşılığında İranın ilk olaraq geri çəkilməsini istəyir. Bu qarşılıqlı gözləmə pozulmasa, Nyu-York diplomatiyasının nəticəsiz qalması və Hörmüzdə gərginliyin yenidən yüksəlməsi mümkündür. Əksinə, tərəflər mərhələli formul üzərində razılaşa bilsələr, əvvəlcə təhlükəsiz gəmiçilik, ardınca blokadanın yumşaldılması, atəşkəs və daha geniş siyasi danışıqlar gündəmə gələ bilər. Buna görə qarşıdakı günlərdə Hörmüz sadəcə dünyanın ən mühüm enerji keçidlərindən biri deyil, ABŞəİran qarşıdurmasının diplomatiya ilə, yoxsa yeni eskalasiya ilə davam edəcəyini göstərən əsas siyasi indikator olacaq.
Züriyə Qarayeva
















