6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
2020-ci ilin 27 sentyabr tarixində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar.
Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən "Dəmir yumruq" gücümüzü, birliyimizi dünyaya nümayiş etdirdi. Hərbi müstəvidə əldə edilən Qələbə siyasi müstəvidə də davam etdi. Ermənistanın kapitulyasiyasının, Azərbaycanın hərbi-siyasi Qələbəsinin təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci il tarixdə Şuşanın işğaldan azad edilməsi xəbərini xalqa çatdırdı.

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın otuzillik işğala son qoyması və ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Vətən müharibəsinin Azərbaycan üçün tarixi və siyasi əhəmiyyəti ilə bağlı fikirlərini Bakıvaxtı.az ilə bölüşən ekspertlər, bu mərhələnin ölkənin sonrakı inkişafında, cəmiyyətdə milli həmrəyliyin güclənməsində və regionda yeni reallıqların yaranmasında mühüm amil olduğunu bildiriblər.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli hesab edir ki, 27 Sentyabr Azərbaycan tarixində xüsusi məna daşıyan günlərdən biridir. Onun sözlərinə görə, həmin tarix yalnız müharibənin başlanmasını ifadə etmir, eyni zamanda Azərbaycan xalqının uzun illər ərzində formalaşmış milli iradəsinin, dövlətçilik mövqeyinin və ərazi bütövlüyünün bərpası istəyinin ortaya qoyulduğu mühüm mərhələdir.
“Sentyabr təkcə hərbi əməliyyatların başlandığı ay deyil. Bu ayda Azərbaycan xalqının, dövlətinin və ordusunun vahid məqsəd ətrafında birləşdiyini göstərən mühüm hadisələr baş verib”.
E.Mirzəbəylinin fikrincə, 44 günlük müharibə zamanı Azərbaycan cəmiyyətində nümayiş etdirilən həmrəylik xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, həmin dövrdə xalqın müxtəlif təbəqələrinin, dövlət qurumlarının və Azərbaycan Ordusunun vahid məqsəd ətrafında birləşməsi Vətən müharibəsinin əsas mənəvi dayaqlarından birinə çevrilib.
"27 Sentyabr həm də şəhidlərin xatirəsi ilə bağlıdır. Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərin qarşısında cəmiyyətin böyük mənəvi borcu var və bu borcun gələcək nəsillərə çatdırılması vacibdir. Vətən müharibəsində şəhid olanların xatirəsi bizim üçün yalnız keçmişin yadigarı deyil, həm də gələcək nəsillərin üzərinə düşən böyük mənəvi məsuliyyətdir" .

Elçin Mirzəbəyli, millət vəkili
Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycan qarşısında tamamilə yeni mərhələ açılıb. Azad edilmiş ərazilərin bərpası, həmin torpaqlara insanların qayıdışı, şəhər və kəndlərin yenidən qurulması, sosial və iqtisadi infrastrukturun yaradılması bu mərhələnin əsas istiqamətlərindəndir.
Deputat Böyük Qayıdış prosesinin də 27 Sentyabr və 44 günlük müharibənin nəticələri ilə birbaşa bağlı olduğunu bildirib:
"Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması yalnız sosial və iqtisadi proses deyil, eyni zamanda tarixi ədalətin bərpasının mühüm göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, həmin ərazilərdə həyatın bərpası və əhalinin öz doğma torpaqlarına qayıtması Azərbaycan qarşısında duran əsas vəzifələrdən biridir. Bu proses gələcək illərdə də ölkənin əsas prioritetlərindən biri olaraq qalacaq".
Ekspert, həmçinin Naxçıvanla Azərbaycanın digər əraziləri arasında nəqliyyat bağlantılarının yaradılması məsələsinə diqqət çəkib:
"Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqlar Azərbaycan üçün yalnız azad edilmiş ərazilərin bərpası baxımından deyil, həm də ölkənin müxtəlif hissələri arasında bağlantıların gücləndirilməsi və regional nəqliyyat imkanlarının genişləndirilməsi baxımından yeni perspektivlər yaradıb".
Politoloq Oqtay Qasımov isə Bakıvaxtı.az-a danışarkən 44 günlük Vətən müharibəsinin Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirib.
Onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar 44 gün ərzində Azərbaycanın uzun illər qarşısında duran əsas məsələlərdən birinin həlli ilə nəticələnib.
“44 günlük Vətən müharibəsi Azərbaycanın yeni tarixinin ən mühüm hadisələrindən biridir. Bu müharibə nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi və bölgədə tamamilə yeni reallıqlar formalaşdı. Azərbaycan Ordusunun müharibədə əldə etdiyi nəticələr yalnız hərbi müstəvidə deyil, siyasi və geosiyasi baxımdan da ciddi dəyişikliklərə səbəb olub. Müharibədən əvvəl regionda mövcud olan siyasi vəziyyət Vətən müharibəsindən sonra əhəmiyyətli dərəcədə dəyişib".
O.Qasımovun fikrincə, Azərbaycan 44 günlük müharibədən sonra Cənubi Qafqazda daha böyük siyasi və geosiyasi əhəmiyyət qazanan dövlətlərdən birinə çevrilib. O qeyd edib ki, müharibənin nəticələri Azərbaycanın regional proseslərdə rolunun artmasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradıb.

Oqtay Qasımov, politoloq
Ekspert Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrinin inkişafına da diqqət çəkib. Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycanın türk dövlətləri ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığının daha da genişlənməsi üçün yeni imkanlar yaranıb.
“Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə ölkənin regiondakı mövqeyini dəyişməklə yanaşı, türk dünyası ilə münasibətlər baxımından da yeni imkanlar yaratdı”.
Politoloq hesab edir ki, 44 günlük Vətən müharibəsinin yanlız hərbi nəticələrinə diqqət yetirmək kifayət deyil. Onun sözlərinə görə, bu dönəm Azərbaycan cəmiyyətində milli həmrəyliyin daha da güclənməsi, dövlət və xalq birliyinin nümayiş etdirilməsi və ölkənin qarşısında yeni strateji məqsədlərin formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır.
Hərbi ekspert Ədalət Verdiyev isə fikirlərini Bakıvaxtı.az ilə bölüşərkən qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoymaq istiqamətində tarixi nəticələr əldə edib.
Onun sözlərinə görə, Azərbaycan uzun illər ərzində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını gözləsə də, nəticə etibarilə öz hərbi gücü hesabına işğal altında olan ərazilərinin azad edilməsini təmin edib.
“Azərbaycan Ordusu 30 il ərzində işğal altında qalan torpaqlarımızı azad etməklə tarixi ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində əksini tapmış tələblərin həyata keçirilməsini təmin etdi.Vətən müharibəsi Azərbaycan Ordusunun müasir döyüş aparmaq imkanlarını da nümayiş etdirdi. Müharibə zamanı müxtəlif hərbi texnologiyalardan, müasir silah sistemlərindən və yeni taktiki yanaşmalardan istifadə edilməsi Azərbaycan Ordusunun qarşıya qoyulan hərbi vəzifələri yerinə yetirməsində mühüm rol oynadı".
Ə.Verdiyev xüsusilə Şuşa əməliyyatının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mühüm hərbi əməliyyatlarından biri olmaqla yanaşı, müharibənin sonrakı gedişinə ciddi təsir göstərən hadisələrdən olub:

Ədalət Verdiyev, hərbi ekspert
"Şuşa əməliyyatı Vətən müharibəsinin ən mühüm və mürəkkəb hərbi əməliyyatlarından biri kimi Azərbaycan hərb tarixində xüsusi yer tutur. Şuşanın azad edilməsindən sonra müharibənin nəticəsi faktiki olaraq müəyyənləşib və bunun ardınca üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub".
Hərbi ekspert Vətən müharibəsinin regionun geosiyasi mənzərəsinə də ciddi təsir etdiyini bildirib:
"2020-ci ilin noyabrından sonra Cənubi Qafqazda yeni siyasi və geosiyasi reallıqlar formalaşıb və Azərbaycan həmin reallıqların əsas iştirakçılarından birinə çevrilib. Müharibədən sonra Azərbaycanın qarşısında duran məsələlərdən biri də regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasıdır. Azərbaycan ərazisinin müxtəlif hissələri arasında, o cümlədən Naxçıvanla əlaqələrin yaradılması istiqamətində həyata keçirilən layihələr regionun gələcək iqtisadi və nəqliyyat xəritəsinə təsir edə bilər".
Ekspert Zəngəzur istiqamətində nəqliyyat bağlantılarının yaradılmasının da Azərbaycan üçün mühüm məsələlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, bu istiqamətdə həyata keçiriləcək layihələr Azərbaycanın Naxçıvanla bağlantısının gücləndirilməsi ilə yanaşı, daha geniş regional nəqliyyat imkanlarının yaranmasına səbəb ola bilər.
Ə.Verdiyev həmçinin Vətən müharibəsində şəhid olan hərbçilərin və iştirakçıların xidmətlərinin xüsusi qeyd edilməsinin vacibliyini vurğulayıb:
"Əldə olunan Qələbənin arxasında Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərin fədakarlığı və qazilərin döyüş yolu dayanır. 27 Sentyabrı və Vətən müharibəsini xatırlayarkən ilk növbədə şəhidlərimizin və qazilərimizin qarşısında olan borcumuzu unutmamalıyıq. Bu Qələbənin əldə olunmasında onların hər birinin böyük xidmətləri var”.
Beləliklə, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın yalnız hərbi tarixində deyil, siyasi, ictimai və geosiyasi həyatında da mühüm dönüş nöqtəsi olub. 44 günlük müharibənin nəticələri ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm addımlar atılıb, regionda yeni reallıqlar yaranıb. İndi hər kəs, hər bir dövlət bu reallıqlarla hesablaşmağa məcburdur.
Günəş Mərd
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

















