• Bakı 19° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycan beynəlxalq münasibətlərdə yeni gündəm formalaşdırır

LAYİHƏ

09 Oktyabr 2026 | 17:00 | Müəllif: Günəş Mərd

Azərbaycan beynəlxalq münasibətlərdə yeni gündəm formalaşdırır

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; 

Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqlarının qorunması və beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əlverişli geostrateji mövqeyi, Avropa ilə Asiyanın qovşağında yerləşməsi, enerji və nəqliyyat imkanları Azərbaycanı regional və qlobal əməkdaşlıq proseslərinin əhəmiyyətli iştirakçılarından birinə çevirir. Bu baxımdan, müstəqillik əldə edildikdən sonra ölkənin xarici siyasət prioritetlərindən biri digər dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin qurulması, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və qlobal proseslərdə fəal iştirakın təmin edilməsi olub. 

Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasının tarixi kökləri 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik fəaliyyətinə gedib çıxır. Cümhuriyyət dövründə xarici dövlətlərlə diplomatik əlaqələr qurulmuş, Paris Sülh Konfransında Azərbaycanın beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atılmışdır. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan beynəlxalq münasibətlərin müstəqil iştirakçısı kimi yenidən dünya birliyinə inteqrasiya yoluna qədəm qoymuşdur. 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul edilməsi isə ölkənin beynəlxalq hüququn bərabərhüquqlu subyekti kimi mövqeyinin möhkəmləndirilməsində mühüm mərhələ olmuşdur.

Müstəqilliyin ilk illərindən etibarən Azərbaycanın xarici siyasətində suverenliyin və ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin təmin edilməsi, qonşu dövlətlərlə münasibətlərin inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşmişdir. Bu məqsədlə ölkə müxtəlif beynəlxalq və regional təşkilatlarla əlaqələr qurmuş, siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət vermişdir. Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, 2012–2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi təmsil olunması onun beynəlxalq proseslərdə iştirakının və diplomatik imkanlarının genişlənməsinin mühüm göstəricilərindəndir.

Müasir dövrdə Azərbaycanın dünya birliyinə inteqrasiyası yalnız siyasi-diplomatik münasibətlərlə məhdudlaşmır. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların cəlb edilməsi, ekologiya və iqlim dəyişmələri ilə mübarizə, eləcə də mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi ölkənin beynəlxalq əməkdaşlıq gündəliyində mühüm yer tutur. Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrinin inkişafında iştirakı, regional enerji layihələrində rolu və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun əməkdaşlıq imkanlarını daha da artırır.

Beləliklə, Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası dövlət müstəqilliyinin qorunması, milli maraqların beynəlxalq səviyyədə müdafiəsi və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə sıx bağlı olan çoxşaxəli prosesdir. Region ölkələri, digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, regional sabitliyin və təhlükəsizliyin dəstəklənməsinə, həmçinin siyasi, iqtisadi və humanitar sahələrdə yeni imkanların yaranmasına xidmət edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, regional əməkdaşlığın nə üçün önəmli olduğunu, dövlətlərin qlobal siyasətə inteqrasiyasının əhəmiyyətini və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini anlamaq üçün beynəlxalq münasibətlər nəzəriyyəsinin üç əsas istiqamətini nəzərdən keçirmək lazımdır:

“Regional əməkdaşlıq və regional inteqrasiya. Bu, qonşu dövlətlərin öz siyasətlərini əlaqələndirməsi, ortaq problemləri idarə etməsi və regional sabitliyi gücləndirməsi deməkdir.Qlobal siyasətə inteqrasiya dediyimiz zaman dövlətlərin beynəlxalq qərarların qəbulunda iştirak etməsi, tərəfdaşlıqlar qurması, qlobal qaydalara təsir göstərməsi və bunlara paralel olaraq milli maraqlarını müdafiə etməsi nəzərdə tutulur”.

Politoloq Şəbnəm Həsənova: Azərbaycan özü gündəm yaradır

Politoloqun sözlərinə görə, beynəlxalq təşkilatlarla əməkdaşlığa gəldikdə isə Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, ATƏT və regional təşkilatlarla əməkdaşlığın diplomatiya, inkişaf, təhlükəsizlik və beynəlxalq legitimlik baxımından əhəmiyyətini başa düşmək lazımdır:

“Həmçinin dərk edilməli olan digər bir amil ondan ibarətdir ki, regional əməkdaşlıq və qlobal inteqrasiya bir-birindən ayrı deyil, əksinə, bir-birini tamamlayan proseslərdir. Regional tərəfdaşlıqlar dövlətin beynəlxalq münasibətlərdə iştirak imkanlarını genişləndirəcək istiqamətdə qurulmalıdır. Həmçinin beynəlxalq təşkilatlar əməkdaşlıq, ümumi qaydalar və kollektiv fəaliyyət üçün daha geniş çərçivə müəyyənləşdirməlidir”.

Ş.Həsənova qeyd edib ki, regional əməkdaşlıq dövlət sərhədlərini aşan problemlərin mövcud olduğu və birgə fəaliyyətin ayrı-ayrı dövlətlərin müstəqil siyasətindən daha səmərəli nəticələr verə bildiyi hallarda xüsusi əhəmiyyət qazanır:

“Bu gün iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri, ticarət, miqrasiya, həmçinin sərhədyanı təhlükəsizlik kimi məsələlər çox vaxt yalnız bir dövlətin səyləri ilə həll edilə bilməz və ya tam həllini tapa bilməz. Məhz belə bir şəraitdə dövlətlər arasında koordinasiya müştərək problemlərin həllinə kömək edir. Bununla belə, regional əməkdaşlığın effektivliyi əməkdaşlığın hansı sahədə aparılmasından və mövcud siyasi-iqtisadi şəraitdən asılıdır. Regional əməkdaşlıq sadəcə diplomatik seçim deyil, həm də dövlətlərin qarşılıqlı asılılıq şəraitində yaranan praktiki ehtiyacı və zərurətidir”.

Onun sözlərinə görə, bu baxımdan regional əməkdaşlıq olduqca lazımlı və faydalıdır. Məsələn, son zamanlarda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin dərinləşdirilməsi sadəcə bir dövlətin başqa bir regionla münasibətlərinin dərinləşdirilməsi kimi başa düşülməməlidir:

“Bu, Azərbaycanın özü ilə birlikdə Cənubi Qafqazı daşıması, dünyanın geosiyasi mərkəzlərindən biri olan regionla münasibətlərinin dərinləşdirilməsi istiqamətində ortaya qoyduğu əməli fəaliyyətdir. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq regional problemlərin birgə həllinin əhəmiyyətini göstərən istiqamətlər kimi başa düşülür. Vaxt var idi ki, Azərbaycan öz problemini dünya siyasətinin gündəminə salmağa çalışırdı. Bu gün isə Azərbaycan özü gündəm yaradır, siyasi diskurs formalaşdırır. Azərbaycan ayrı-ayrı ölkələrlə deyil, regionlarla əlaqələr qurur, böyük layihələr yaradır. Məhz bu yanaşma dövlətimizin milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq əməkdaşlıqda fəal iştirak etməsinin əhəmiyyətini vurğulayır”.

Politoloq vurğulayıb ki, bu gün Mərkəzi Asiya ölkələri Avropaya çıxış baxımından Azərbaycanı əsas körpü kimi görür və ona etimad göstərirlər:

“Beynəlxalq təşkilatlar isə bu proseslərin çoxtərəfli və institusional əsasda həyata keçirilməsi üçün platforma təmin edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev beynəlxalq sistemdə iştirakın səmərəliliyini yalnız regional və ya qlobal səviyyədə fəaliyyət göstərməklə deyil, bu iki səviyyə arasında əlaqəni praktiki olaraq necə qurmaqla sübut edir. Azərbaycanın yaratdığı regional tərəfdaşlıqlar qlobal əməkdaşlıq üçün imkanlar yaradır, beynəlxalq təşkilatlar isə regional təşəbbüslərin daha geniş beynəlxalq çərçivəyə inteqrasiyasına kömək edir. Türk Dövlətləri Təşkilatının dünya siyasətində artan rolu Azərbaycanın Qarabağda əldə etdiyi Zəfərdən sonra özünü praktiki müstəvidə sübut edir. Buna görədir ki, Azərbaycan həm regional əməkdaşlığı təşkil edir, dünya siyasətinə layiqli formada inteqrasiya edir, həm də beynəlxalq təşkilatlar səviyyəsində iştirakını möhkəmləndirməklə, beynəlxalq münasibətlərdə etimadsızlığın artdığı bir şəraitdə həmin təşkilatlara və bütövlükdə beynəlxalq sistemə olan etimadın güclənməsinə töhfə verir”. 

Zeynəb Rzayeva

Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb


Azərbaycan beynəlxalq münasibətlərdə yeni gündəm formalaşdırır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026