• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycan mediası yenilənir: Media və Yayım Şurası yeni mərhələnin başlanğıcı ola bilər

LAYİHƏ

11 Sentyabr 2026 | 15:58 | Müəllif: Əli Hüseynov

Azərbaycan mediası yenilənir: Media və Yayım Şurası yeni mərhələnin başlanğıcı ola bilər

6.3.2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Azərbaycanın media məkanında yeni mərhələnin formalaşması istiqamətində mühüm təşəbbüslər gündəmə gəlməkdədir. Son illərdə ölkədə media sahəsinin hüquqi və institusional əsaslarının təkmilləşdirilməsi, jurnalist fəaliyyətinin inkişafı, ənənəvi və rəqəmsal medianın imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb. Bu proseslər Azərbaycan mediasının dəyişən informasiya mühitinə uyğunlaşmasına, yeni kommunikasiya imkanlarından daha səmərəli istifadəsinə və cəmiyyətin informasiya tələbatının müasir standartlar əsasında qarşılanmasına mühüm zəmin yaradıb.

Hazırda informasiya texnologiyalarının sürətli inkişafı media anlayışının özünü də əhəmiyyətli dərəcədə dəyişdirib. Əvvəllər əsas informasiya mənbələri hesab olunan televiziya, radio və çap mediası ilə yanaşı, internet resursları, xəbər portalları, sosial şəbəkələr, rəqəmsal yayım platformaları və müxtəlif onlayn kommunikasiya vasitələri informasiya dövriyyəsinin əsas iştirakçılarına çevrilib. İnformasiyanın saniyələr ərzində geniş auditoriyaya çatdırılması medianın imkanlarını artırsa da, eyni zamanda operativliklə yanaşı dəqiqlik, obyektivlik, peşəkarlıq və məsuliyyət məsələlərini də daha ön plana çıxarıb.

Müasir informasiya məkanında əsas çağırışlardan biri cəmiyyətə sürətli deyil, eyni zamanda etibarlı və keyfiyyətli informasiya təqdim etməkdir. Dezinformasiya və saxta xəbərlərin qlobal miqyasda geniş yayılması, informasiya manipulyasiyalarının yeni formalarının meydana çıxması, sosial media platformalarında təsdiqlənməmiş məlumatların sürətlə yayılması media institutlarının məsuliyyətini daha da artırır. Bu reallıq media və yayım sahəsində müasir, çevik və effektiv institusional mexanizmlərin formalaşdırılmasını zəruri edir.

Məhz belə bir mərhələdə Media və Yayım Şurasının yaradılması təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs yalnız yeni bir institusional strukturun yaradılması kimi deyil, bütövlükdə media və yayım sahəsinin inkişafına yeni yanaşmanın formalaşdırılması baxımından qiymətləndirilə bilər. Şuranın fəaliyyətinin media subyektləri ilə dövlət qurumları arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə, yayım sahəsində koordinasiyanın artırılmasına, peşəkar jurnalistikanın təşviqinə və informasiya mühitində sağlam prinsiplərin daha da gücləndirilməsinə xidmət edə biləcəyi gözlənilir.

Eyni zamanda, belə bir qurumun formalaşdırılması media sektorunda peşəkarlıq, məsuliyyət və ictimai etimad məsələlərinin daha da aktuallaşdığı bir dövrə təsadüf edir. Çünki müasir jurnalistika yalnız xəbərin hazırlanması və yayılması ilə məhdudlaşmır. Media həm də ictimai dialoqun formalaşdırılması, cəmiyyətin maarifləndirilməsi, milli informasiya məkanının qorunması və ictimai maraqların ifadəsi baxımından mühüm missiya daşıyır. Bu missiyanın daha yüksək peşə standartları əsasında həyata keçirilməsi isə media institutlarının davamlı inkişafından və onların fəaliyyətinin müasir çağırışlara uyğun təşkilindən keçir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat, Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Rəhimzadə bildirib ki, Media və Yayım Şurasının yaradılması təşəbbüsü müasir informasiya mühitinin tələblərindən irəli gələn mühüm və zəruri addımlardan biri kimi qiymətləndirilməlidir.

“Bu gün media əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə geniş imkanlara malikdir. İnformasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal platformaların həyatımızın ayrılmaz hissəsinə çevrilməsi, sosial şəbəkələrin ictimai rəyin formalaşmasında rolunun artması media qarşısında yeni vəzifələr müəyyənləşdirir. Belə bir şəraitdə media və yayım sahəsində fəaliyyətin müasir çağırışlara uyğun şəkildə təşkil olunması, mövcud mexanizmlərin təkmilləşdirilməsi olduqca vacibdir”, - deyə deputat qeyd edib.

Vüqar Rəhimzadənin sözlərinə görə, Azərbaycan mediası müstəqillik illərində böyük və şərəfli inkişaf yolu keçib. Onun fikrincə, bu gün ölkədə peşəkar jurnalistikanın inkişafı üçün kifayət qədər geniş imkanlar mövcuddur.

“Azərbaycan mətbuatı zəngin ənənələrə malikdir. Müstəqillik illərində milli jurnalistikamız ciddi inkişaf yolu keçib, yeni media subyektləri formalaşıb, jurnalistikanın ayrı-ayrı istiqamətləri üzrə peşəkarlıq səviyyəsi yüksəlib. Bu gün bizim qarşımızda dayanan əsas vəzifələrdən biri əldə olunan nailiyyətləri qorumaq və medianı yeni dövrün çağırışlarına uyğun daha da inkişaf etdirməkdir. Media və Yayım Şurasının yaradılması da məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır”, - deyə o vurğulayıb.

Deputat bildirib ki, müasir dövrdə medianın qarşısında yalnız informasiyanı operativ çatdırmaq vəzifəsi dayanmır. Onun sözlərinə görə, informasiya ilə məsuliyyət arasında sağlam balansın qorunması da jurnalistikanın əsas prinsiplərindən biri olmalıdır.

“Bu gün informasiya çox sürətlə yayılır. Lakin sürət heç zaman dəqiqliyi, obyektivliyi və peşəkarlığı üstələməməlidir. Jurnalistikanın əsas missiyası cəmiyyətə doğru, dəqiq, obyektiv və məsuliyyətli informasiya təqdim etməkdir. Media cəmiyyətin güzgüsüdür. Bu güzgünün aydın və şəffaf olması üçün peşəkarlıq, vicdanlılıq və məsuliyyət əsas meyarlar kimi qəbul edilməlidir”, - Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, rəqəmsal medianın genişlənməsi ilə yanaşı, informasiya məkanında dezinformasiya və manipulyativ məlumatların yayılması da ciddi çağırışlardan birinə çevrilib.

Həmsöhbətimiz bildirib ki, bu gün dünyada dezinformasiya ilə mübarizə bütün media sistemləri qarşısında dayanan əsas məsələlərdəndir. Saxta məlumatın bir neçə dəqiqə ərzində minlərlə, hətta milyonlarla insana çatdırılması mümkündür. Dediyinə görə, belə bir şəraitdə peşəkar medianın məsuliyyəti daha da artır. Biz elə informasiya mühiti formalaşdırmalıyıq ki, vətəndaş hansı mənbədən aldığı informasiyanın etibarlı olduğuna əmin olsun. Bunun üçün isə peşəkar jurnalistika ilə yanaşı, media savadlılığının artırılması da vacibdir”.

Vüqar Rəhimzadə: Yeni Şura Azərbaycan media məkanının daha da inkişafına mühüm töhfə verəcək

Rəhimzadənin sözlərinə görə, Media və Yayım Şurası yalnız tənzimləyici mexanizm kimi deyil, həm də media sektorunun inkişafına xidmət edən mühüm platforma kimi formalaşmalıdır.

“İstənilən yeni institusional strukturun fəaliyyətində əsas məqsəd inkişaf olmalıdır. Media və Yayım Şurasının da media subyektləri ilə əməkdaşlıq edən, onların problemlərini dinləyən, peşəkarlığın artırılmasına töhfə verən, sağlam rəqabət mühitinin formalaşmasına xidmət edən bir platformaya çevrilməsi olduqca əhəmiyyətlidir. Burada qarşılıqlı etimad, dialoq və əməkdaşlıq mühüm rol oynayır”, - deyə o bildirib.

Deputat hesab edir ki, media sahəsində fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı gücləndikcə Azərbaycan mediasının inkişaf imkanları da genişlənəcək.

“Media yalnız jurnalistlərin və ya media subyektlərinin məsələsi deyil. Media cəmiyyətin bütün təbəqələrinə xidmət edən mühüm ictimai institutdur. Ona görə də burada dövlət qurumları, media təşkilatları, jurnalistlər və vətəndaş cəmiyyəti arasında sağlam əməkdaşlığın olması vacibdir. Əsas hədəfimiz cəmiyyətin etimad göstərdiyi, peşəkarlığı və məsuliyyəti ilə seçilən media mühiti formalaşdırmaqdır”, - deyə Vüqar Rəhimzadə əlavə edib.

O, Media və Yayım Şurasının yaradılmasının Azərbaycan mediasının inkişafında yeni mərhələnin başlanğıcı ola biləcəyini bildirib.

“Əminəm ki, bu təşəbbüs düzgün və məqsədyönlü şəkildə həyata keçirildiyi təqdirdə Azərbaycan media məkanının daha da inkişafına mühüm töhfə verəcək. Bizim məqsədimiz media üzərində deyil, media ilə birlikdə işləmək, jurnalistikanın nüfuzunu daha da yüksəltmək, peşəkar media subyektlərinin fəaliyyətinə dəstək olmaq və cəmiyyətin etimadını qoruyan informasiya mühiti yaratmaqdır. Azərbaycan mediası buna qadirdir və bunun üçün kifayət qədər potensiala malikdir”, - deyə deputat Vüqar Rəhimzadə fikirlərini yekunlaşdırıb.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Azərbaycan mediası yenilənir: Media və Yayım Şurası yeni mərhələnin başlanğıcı ola bilər
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026