6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Ulu öndər Heydər Əliyev deyirdi ki, biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.
Bakıvaxtı.az bildirir ki, hər bir millətin mənəvi, mədəni siması onun milli adət-ənənələri və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemidir.
Şübhəsiz ki, güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayan başlıca amillərdən biri də məhz adət-ənənələrdir. Bu amil cəmiyyəti əxlaqi, milli vətənpərvərlik baxımından düzgün istiqamətə yönəldir, saf təməllər üzərində tərbiyə edir. Adət-ənənələr həm də insan münasibətlərinin tənzimləyici və istiqamətverici funksiyasını yerinə yetirərək güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq.
Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində bu gün Azərbaycanın dövlətçilik tarixi, elm və mədəniyyəti yüksək səviyyədə uğurla təbliğ etdirilir. Belə ki, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklər edilərək böyük uğurlara nail olunub. Azərbaycan öz milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti ilə artıq dünyada heyrət doğura bilib. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır və müxtəlif tədbirlərin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır.
Paralel olaraq, Azərbaycan musiqisi də milli mədəniyyətimizin dünyada tanınan sahələrindən biridir. Muğam, aşıq sənəti və milli musiqi ənənələri xalqımızın tarixi yaddaşını və mənəvi dünyasını əks etdirir. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və digər bəstəkarların yaradıcılığı Azərbaycan professional musiqisinin inkişafına böyük töhfələr verib. Təsadüfi deyil ki, 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkar, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını isə maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Ü.Hacıbəyli milli musiqi xəzinəsinə yeni janr və formatlarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələyib. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir.
Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırıblar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəylinin anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub. Bundan başqa, 26 avqust Beynəlxalq Muğam Günü kimi qeyd olunur. Bütün bunlar mənəvi dəyərlərimizə olan diqqətin bariz nümunəsidir.
Bu gün qürur hissilə deyə bilərik ki, Azərbaycan qazandığı uğurları ilə ön sıralarda addımlamağı bacaran ölkələr sırasındadır.

Tahir Rzayev: Adət-ənənələrimizə, mədəniyyətimizə qoyulan hörmət gələcək inkişafımız üçün çox vacibdir
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Tahir Rzayev bildirib ki, milli adət-ənənələrimiz bizim dəyərimizdir, ruhumuzdur və xalqın dünyagörüşünün, yüksək mədəniyyətinin bir ifadəsidir.
Onun sözlərinə görə, Azərbaycan xalqı daima özünün milli adət-ənənələrinə, dəyərlərinə sadiqliyini nümayiş etdirib. Çünki bu, kökdən gəlmədir, babalarımızın bizə bəxş etdiyi ən qiymətli mirasdır:
"Bu mirasın qorunması üçün Azərbaycan dövləti bütün dövrlərdə səylərini əsirgəməyib. Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli adət-ənənələrimizin qorunması, saxlanılması, təbliğ edilməsi, bizim mədəniyyət xadimlərimizin, sənətkarlarımızın, şairlərimizin, yazıçılarımızın, sənət adamlarımızın mükafatlandırılması, onların əsərlərinin geniş yayılması istiqamətində çox böyük işlər, tədbirlər həyata keçirilib. Bu əsərlərdə bizim kimliyimiz, milli mənliyimiz, nəyə qadir olduğumuz, haradan gəlib hara getmək istədiyimiz aydın əks olunub. Və sözsüz ki, bu, bəşəri bir amaldır”.
Deputat qeyd edib ki, adət-ənənələri yaşatmaq, mədəniyyəti təbliğ etmək, onu qorumaq, gələcək nəsillərə düzgün istiqamət vermək, onları bir vətəndaş kimi tərbiyə eləmək, dövlətin, xalqın mənafeyi naminə çalışmağa sövq etmək baxımından çox əhəmiyyətlidir.
Müsahibimiz hesab edir ki, musiqi bizim ruhumuzdan, adət-ənənələrimizdən, milli dəyərlərimizdən qidalanırsa, o daimdir, əbədidir və qalibdir. Məhz buna görə də bu gün bu istiqamətdə ənənələr davam etdirilir.
"Azərbaycan muğam sənətinin inkişafında hörmətli Mehriban xanım Əliyevanın xidmətləri əvəzsiz sayılır. Ardıcıl keçirilən muğam müsabiqələri, gənc musiqiçilərin həvəsləndirilməsi, yaradıcılığa cəlb edilməsi gündəmdədir və buna çox böyük önəm verilir. Mehriban xanım daimi olaraq mədəniyyət işçilərinin yanındadır. Ölkədə keçirilən kütləvi mədəni tədbirlər, eləcə də mədəniyyət xadimlərimizin, musiqiçilərimizin Azərbaycanı beynəlxalq aləmdə təmsil etmələri, beynəlxalq musiqi yarışlarında təmsil olunmaları, əlbəttə ki, milli-mənəvi dəyərlərimizə verilən bir qiymətdir, mədəniyyətimizə göstərilən bir qayğıdır. O cümlədən, İlham Əliyev bir dövlət rəhbəri kimi daimi olaraq sənət adamlarını qiymətləndirir. Bir çox ifaçıların mükafatlandırılması, onların evlərlə, mənzillərlə təmin olunması, sağlamlıqlarının qeydinə qalınması, onlara dəstək verilməsi, xarici ölkələrə öz qabiliyyətlərini yüksəltmək üçün dəvət olunması bu qayğı və diqqətin aydın ifadəsidir", - deyə deputat qeyd edib.
T.Rzayev vurğulayıb ki, xalqı ucaldan, şöhrətləndirən, tanıtdıran onun milli mədəniyyətidir, adət-ənənəsinə, kökünə, soyuna sadiqliyidir. Məhz bu kök üzərində qərar tutanlar daimi ucalmağa, şöhrətlənməyə qadirdirlər:
"Azərbaycanda milli adət-ənənələrimizə, mədəniyyətimizə qoyulan hörmət, ehtiram, əlbəttə ki, gələcək inkişafımız üçün çox vacibdir. Çünkü bu bir ruhdur, bir vətəndaş qayəsidir, bir tərəqqidir, inkişafdır. Ədəbiyyatı, mədəniyyəti, sənəti qiymətləndirən insan həm humanizmliyi, həm də vətənpərvərliyi ilə daimi seçilib və bu gün də elədir. Çünki bu insanların ruhunda bir vətən sevgisi, bir el təəssübkeşliyi, adət-ənənələrə hörmət və ehtiram yurd salıb. Ona görə də mən hesab edirəm ki, bu gün Azərbaycanın milli adət-ənənələrinin, mədəniyyətinin keşiyində durmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu olmalıdır. Bizim mədəniyyətimiz, sənətimiz təbliğ olunmalı, adət-ənənələrimiz göz bəbəyimiz kimi qorunub saxlanılmalıdır".
Gülşən Şərif
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

















