"Əvvəllər uşaqlar dərsdən sonra həyətdə oynayır, qonşu uşaqları ilə qaynayıb-qarışır, nənə-baba, əmi-dayı, qonum-qonşu ilə ünsiyyətdə olurdu. Uşağın sosial həyatı yalnız məktəb və evdən ibarət deyildi. Həyət, küçə, qohumluq münasibətləri, qonşuluq mühiti də onun tərbiyəsinin və sosiallaşmasının bir hissəsi idi".
Bu sözləri Bakıvaxtı.az-a Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai bildirib.
Müsahibimiz qeyd edib ki, bu gün isə mənzərə bir qədər fərqlidir:
"Uşağı evdən çıxarmaq, dostları ilə oynamağa yönləndirmək bəzən valideyn üçün ayrıca mübarizəyə çevrilib. Burada məsələni yalnız dərslərin çoxluğu ilə və ya yalnız telefonla izah etmək düzgün olmaz. Məncə, hər iki amilin təsiri var, amma daha böyük bir sosial dəyişiklik də baş verib. Telefon və sosial media uşağa çox asan və sürətli stimul verir. O, bir toxunuşla oyun oynayır, video izləyir, dostları ilə yazışır. Həyətdə oynamaq isə hərəkət, ünsiyyət, qaydalar yaratmaq, bəzən mübahisə etmək, barışmaq, gözləmək və paylaşmaq tələb edir. Yəni real həyat daha çox səy istəyir. Bəzən istirahət məkanlarında, restoranlarda ailələr görürəm. Ana telefona baxır, ata telefona baxır, uşaq telefona baxır. Hamı eyni masadadır, amma sanki heç kim bir-birinin yanında deyil. Və insan istər-istəməz düşünür: doğrudanmı artıq bir ailənin birlikdə oturub danışacağı, deyib-güləcəyi, zarafatlaşacağı heç bir mövzu qalmayıb? Əslində, burada söhbət təkcə telefondan getmir. Telefon bəzən bizim ünsiyyətdən qaçmağımızın ən rahat vasitəsinə çevrilir. Halbuki uşağın ən çox ehtiyac duyduğu şeylərdən biri valideyninin onunla göz-gözə danışması, onu dinləməsi, gününün necə keçdiyini soruşmasıdır. Uşaq ailədə canlı ünsiyyət görmədikcə, real münasibətlərdən daha çox virtual münasibətlərə yönələ bilər".

Digər tərəfdən, S.Fədai hesab edir ki, uşaqların əvvəlki kimi geniş ailə və qonşuluq mühitində böyüməməsi də ciddi amildir:
“Nənə-baba ilə eyni evdə və ya yaxın münasibətdə olmaq, əmi-dayının, xalanın, qonşunun uşağın həyatında yer alması onun sosial dünyasını genişləndirirdi. Uşaq müxtəlif yaşlarda və müxtəlif xarakterlərdə insanlarla ünsiyyət qururdu. Bu münasibətlər ona həm həyat təcrübəsi, həm də aidiyyət hissi verirdi. İndi isə bir çox ailədə uşaq məktəbdən kursa, kursdan evə gəlir. Evdə isə qarşısında telefon, planşet və kompüter olur. Beləliklə, uşağın real sosial mühitinin yerini tədricən virtual mühit tutur".
Həmsöhbətimiz qeyd edib ki, dərslərin ağırlığı da burada ayrıca nəzərə alınmalıdır.
Dediyinə görə, uşağın bütün günü dərs, kurs və əlavə məşğələlərlə doludurulsa, onun sərbəst oyun üçün nə vaxtı, nə də enerjisi qalır. Halbuki oyun uşağın vaxt itkisi deyil. Oyun uşağın özünü ifadə etdiyi, münasibət qurmağı, qərar verməyi, konflikt həll etməyi və yaradıcılığını inkişaf etdirdiyi təbii öyrənmə mühitidir:
"Ona görə də, məsələni “telefonu uşağın əlindən alaq” səviyyəsində həll etmək mümkün deyil. Telefonu götürəndə onun yerinə nə qoyacağımızı da düşünməliyik. Uşağın həyətə çıxması üçün təhlükəsiz mühit, yaşıdları ilə görüşməsi üçün imkan, ailə üzvləri ilə canlı ünsiyyət və ən əsası, böyüklərin ona ayırdığı real zaman olmalıdır”.
Sevinc Fədai valideynlərə ilk növbədə uşağın həyatındakı “real dünya”nı zənginləşdirməyi tövsiyə edib:
"Nənə-baba ilə görüşlər, qohumlarla birgə vaxt, qonşu uşaqları ilə oyun, ailəvi gəzintilər, kitab, idman, yaradıcılıq fəaliyyətləri, bunların hamısı uşağın telefon qarşısında keçirdiyi vaxtın təbii alternativinə çevrilə bilər. Unutmamalıyıq ki, uşaqlar yalnız bizim dediklərimizi deyil, bizim yaşadığımız həyatı da öyrənirlər. Əgər biz özümüz bütün boş vaxtımızı telefonda keçiririksə, uşağa “telefonu kənara qoy” deməyimiz çox təsirli olmur. Uşağın uşaqlığını qorumaq üçün ona təkcə yaxşı təhsil deyil, oyun, dostluq, ailə, qonşuluq, canlı ünsiyyət və sərbəst zaman da verməliyik. Çünki uşağın gələcəkdə necə insan olacağı yalnız neçə kitab oxuduğu ilə deyil, həyatın içində neçə münasibət qurduğu ilə də formalaşır. Həyət-baca uşağa həm də həyatı öyrədir, onu bundan məhrum etməyək".
Aydın Baxış
















