Son 10 il ərzində ölkədə illik doğum sayı 100 min nəfərin altına düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
2015-ci ildə 166 min 210 uşaq dünyaya gəldiyi halda, 2025-ci ildə bu rəqəm 95 min 875 nəfər təşkil edib. Bu da 10 il ərzində təxminən 42,3 % azalma deməkdir. Cari ilin yanvar-iyul aylarında isə 48 min 954 körpə qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 min nəfər azdır.
Bəs Azərbaycanda doğum sayının azalmasına səbəb nədir?
Mütəxəssislərin fikrincə, doğum sayının düşməsi bir neçə amillə bağlıdır.
Deputat, iqtisadçı Vüqar Bayramov mövzu ilə bağlı Bakıvaxtı.az-a deyib ki, hazırda Qazaxıstanda ailələrdə məhz “uşaq hesabı” deyilən bir hesab tətbiq olunur.
Onun sözlərinə görə, bu hesabatın mahiyyəti ondan ibarətdir ki, dövlət tərəfindən hər uşaq üçün hesab açılır:
“Hər uşağın hesabına dövlət və ailə başçısı tərəfindən davamlı ödəniş edilir. Aztəminatlı ailələrdə isə uşaqların hesabına bütün ödənişlər dövlət tərəfindən həyata keçirilir”.

Deputat Vüqar Bayramov
Vüqar Bayramov hesab edir ki, qonşu ölkələrdə tətbiq edilən praktikaların öyrənilməsi və tətbiq imkanlarına baxılması məqsədəuyğundur.
Psixoloq Sevinc Əliyeva isə Bakıvaxtı.az-a bildirib ki, uşaqlıq travmalarında və bəzi ailə modellərində gənclər öz valideynləri ilə münasibətlərdə konflikt yaşadıqlarına görə, bunu təkrar öz həyatlarında tətbiq etmək istəmirlər:
“Bu səbəbdən, bəzi gənc ailələr valideyn olmaq istəmirlər. İndiki nəsil çox erkən yaşda informasiya yükləməsi yaşayır, stress və müqayisə içində böyüyur. Bu da emosional tükənmişlik yaradır və bu vəziyyətdə insanlar üzərinə əlavə məsuliyyət götürmək istəmirlər”.

Psixoloq Sevinc Əliyeva
Sosioloq Üzeyir Şəfiyev isə Bakıvaxtı.az-a vurğulayıb ki, demoqrafik problemlər hazırda yalnız Azərbaycana xas deyil, dünyanın bir çox ölkəsində müşahidə olunur:
“Doğum səviyyəsinin azalmasının əsas səbəblərindən biri cəmiyyətin ailə və uşaq məsələsinə yanaşmasının dəyişməsidir. Əvvəllər Azərbaycanda çoxuşaqlılıq ənənəsi daha güclü olub. Lakin araşdırmalar göstərir ki, əhalinin mədəni və təhsil səviyyəsi ilə doğum səviyyəsi arasında müəyyən əlaqə var. Yəni təhsil və mədəni səviyyə yüksəldikcə insanlar ailə planlaşdırmasında daha az uşağa üstünlük verirlər”.

Sosioloq Üzeyir Şəfiyev
Onun sözlərinə görə, müasir ailələr üçün uşağın sayından daha çox onun keyfiyyətli böyüdülməsi, təhsili və gələcəyinə sərmayə qoyulması ön plana çıxır”.
Aydın Baxış
















