Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
Bakıvaxtı.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,91 ABŞ dolları və ya 0,78 faiz artaraq 117,74 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Onu da bildirək ki, “Azeri Light” neftinin tarixən ən yüksək qiyməti 2008-ci ilin iyulunda 149,66 dollar, minimum səviyyəsi isə 2020-ci ilin aprelində 15,81 dollar qeydə alınıb. Cari 117,74 dollar göstəricisi neft sektorundan daxilolmaların yüksək səviyyədə qalmasını təmin edir.
Bu bahalaşma davamlı olacaqmı?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, dünyada neftin qiymətinin bahalaşması təsadüfi deyil.
Onun sözlərinə görə, buna səbəb yenidən istər Hörmüz boğazı ətrafında, istərsə də Qırmızı dənizin girişində hərbi-siyasi vəziyyətin yenidən gərginləşməsidir:
“Səudiyyə Ərəbistanı ilə husilər arasında yenidən hərbi qarşıdurma alovlandı. Digər tərəfdən, isə Hörmüz boğazında ABŞ donanması İran neftinə qarşı tamamilə blokada elan etdilər”.
Müsahibimiz qeyd edib ki, həmçinin, Rusiyanın neftayırma zavodlarına edilən hücumlarda neftin dünya bazarında qiymətinin bahalaşmasına yol açır. Çünki dünya miqyasında Rusiya yanacağın, dizelin ixracatçısı kimi qəbul edilir. Məhz bu addımlar dünyada neftin, o cümlədən “Azeri Light” markalı neftin qiymətinin bahalaşmasına səbəb olur.
İlham Şaban: Neftin orta ixrac qiyməti 90 dollardan yüksək həddə ola bilər
İ.Şabanın fikrincə, qiymət artımının nə qədər davam edəcəyi hərbi-siyasi gərginliyin artması, yaxud azalması tempindən asılı olacaq:
“Ancaq istənilən halda qiymətlər yüksəkdir. Bu da neft istehsal edən, ixrac edən ölkələr üçün, o cümlədən Azərbaycan üçün əlavə qazanc deməkdir. Qiymətlərin kifayət qədər yüksək həddə olması ona dəlalət edir ki, Azərbaycan büdcəsi ilin ikinci yarısında da əlavə gəlirlər əldə edəcək. Neftin orta ixrac qiyməti 90 dollardan yüksək həddə ola bilər. Bu isə Azərbaycan hökumətinə sosial sahələrdə çevikliyi artırmaq imkanı verir”.
Aydın Baxış
















