• Bakı 23° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Sədr müavini: "SosialLab-da İngiltərədən də komandalar iştirak edir"

CƏMİYYƏT

28 Sentyabr 2026 | 10:44 | Müəllif: Günəş Mərd

Sədr müavini: "SosialLab-da İngiltərədən də komandalar iştirak edir"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yeni SosialLab elmi-tədqiqat layihəsinə start verib.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov SosialLab elmi-tədqiqat layihəsinin ilk görüşü zamanı Bakıvaxtı.az-a bildirib ki, Milli Observatoriya əvvəlki illərdə Azərbaycanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayıb və həmin müəssisələrlə müxtəlif təlim və tədqiqat istiqamətlərində əməkdaşlıq həyata keçirir:

“Bu il yeni bir layihəyə start verdik. Layihənin adı SosialLab elmi-tədqiqat layihəsidir. Layihə çərçivəsində 11 ali təhsil müəssisəsinin gənc tədqiqatçılarına sosial müdafiə, əmək bazarı, demoqrafiya və sosial innovasiyalar istiqamətində təhlil və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların araşdırmalarının daha sonra beynəlxalq müstəviyə çıxarılması hədəflənir.

Bu layihədə 11 komandanın təhlil və tədqiqatlarının inkişafı ilə bağlı müxtəlif texniki dəstək verəcəyik. Onlara təlimlər keçiriləcək, sorğuların aparılmasına dəstək göstəriləcək. İki ay sonra ortaya çıxan təhlillər nazirliyin və Observatoriyanın peşəkar tədqiqatçıları tərəfindən nəzərdən keçiriləcək.

Ən yaxşı təhlilləri beynəlxalq müstəvidə "Scopus və Web of Science" bazalarında indekslənən elmi nəşrlərə yönləndirəcəyik. Onların bütün xərclərini və düzəlişlərini Observatoriya öz üzərinə götürəcək. 11 işdən ən yaxşı 3-nü bu jurnallarda nəşr etdirməyi, digərlərini isə beynəlxalq nəşrlərə və konfranslara göndərməyi, eyni zamanda 11 tədqiqat işinin xülasəsini çap etməyi düşünürük”.

Elçin Süleymanov qeyd edib ki, layihənin əsas məqsədlərindən biri dövlət və tədqiqat qurumları ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsidir.

“Burada 25-40 yaş arası universitet əməkdaşları, ən azı magistr dərəcəsi olan dissertant, doktorant və gənc alimləri prosesə qoşmuşuq. Milli Observatoriyanın imkanları, tədqiqat resursları onlar üçün açıq olacaq. Təlimlər keçiriləcək, əldə edilən dataların analizində texniki dəstək göstəriləcək.

Burada dövlət qurumu ilə universitetlər arasında intensiv əməkdaşlıq, kollektiv işləmə bacarığının inkişafı və qrupların öz əməkdaşları arasında müsbət networkun formalaşmasını hədəfləyirik”.

Onun sözlərinə görə, layihədə paytaxt ali təhsil müəssisələri ilə yanaşı Naxçıvan Dövlət Universitetindən və İngiltərədən də komandalar iştirak edir.

“Bu, region və paytaxt universitetlərinin əməkdaşları arasında da əməkdaşlıq şəbəkəsinin qurulmasına fayda verəcək. Layihəyə bu gün start verdik. Noyabrın sonuna qədər tədqiqat işləri hazırlanacaq. Milli Observatoriyadan hər komandaya koordinator müəyyənləşdirilib.

Dekabr ayında təhlil və tədqiqat işləri nazirliyin və müxtəlif qeyri-hökumət təşkilatlarının ekspertlərindən formalaşan ekspert komandası tərəfindən dəyərləndiriləcək. Finalda ən yaxşı 3 tədqiqat işi seçiləcək və onların mükafatlandırılmasını ictimaiyyətə açıq şəkildə həyata keçirməyi düşünürük”.

Elçin Süleymanov vurğulayıb ki, layihə çərçivəsində aparılan araşdırmaların yalnız akademik məqsədlə məhdudlaşması nəzərdə tutulmur:

“Burada mövzular Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərində olan vacib məsələlərdir. Bu tədqiqat işlərinin sadəcə araşdırma kimi deyil, real iqtisadi həyata tətbiq edilə biləcək və nazirliyin fəaliyyətində istifadə olunacaq elmi tədqiqatlar kimi dəyərləndirilməsini düşünürük. Ali təhsildəki tədqiqatçıların araşdırmaları, dünya təcrübəsinin öyrənilməsi və Azərbaycan üçün tətbiq imkanları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eyni zamanda Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın tədqiqatlarında aktiv istifadə olunacaq. Yəni bu tədqiqatlar sadəcə arxiv üçün deyil, real iqtisadiyyat, ölkəmizin inkişafı, sosial müdafiə və əmək bazarına real töhfə verən araşdırmalar olacaq”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026