Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı həlak olan hərbçilərin zəruri avadanlıq, o cümlədən dəniz xilasetmə jiletləri ilə təmin edilmədiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Tokayev hökumət komissiyasına təlimlərin hazırlanmasına və keçirilməsinə, hərbçilərin təminatına, eləcə də təhlükəsizlik tədbirlərinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətini qiymətləndirməyi tapşırıb.
Qazaxıstan Prezidenti bildirib ki, sülh dövründə hərbçilərin ölümü zabitlərin, o cümlədən generalların qeyri-peşəkarlığının nəticəsi olub. O, hadisənin yalnız səbəblərinin deyil, həm də təlimlərin məqsədinin və qarşıya qoyulan vəzifələrin müasir təhdidlərə nə dərəcədə uyğun olduğunun araşdırılmasını tələb edib.
Tokayevin sərəncamı ilə Qazaxıstan Müdafiə Nazirliyində kompleks yoxlama da başlanıb. Araşdırma hərbi xidmətin təşkili, ordunun təminatı, maddi və maliyyə vəziyyətini əhatə edəcək. Komissiyaya Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva rəhbərlik edir.
Prezident məsul şəxslərin tutduğu vəzifə və hərbi rütbənin onları cəzadan azad etməməli olduğunu bildirib və vəziyyəti şəxsi nəzarətində saxladığını vurğulayıb.
Tokayev hadisənin ordudakı bir sıra problemləri üzə çıxardığını bildirərək, hərbi islahatın zəruriliyini qeyd edib.
















