• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Dünya mediası ABİF-i işıqlandırdı

    SİYASƏT

    27 Sentyabr 2026 | 00:36 | Müəllif: Əli Hüseynov

    Dünya mediası ABİF-i işıqlandırdı

    Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, forumda səslənən fikirlər, imzalanan müqavilələr, investisiya sənədləri və Prezident İlham Əliyevin bu möhtəbər tədbirdə iştirakı və keçirdiyi görüşlər dünya mediasının diqqətində olub. Türkiyənin, Rusiyanın, Avropa, Mərkəzi Asiya və digər ölkələrin media orqanları bu barədə geniş materiallar dərc edib.

    Bakıvaxtı.az AZƏRTAC-a istinadla xəbər verir ki, Türkiyənin “SonDurak” media resursunda yazılıb ki, Prezident İlham Əliyevin himayəsi ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 10,8 miyard dollar həcmində 23 investisiya sənədi imzalanıb. Azərbaycanın Orta Dəhliz kimi layihələrdə iştirakı onun iqtisadi potensialını artırır və sərmayəçilər Azərbaycana sərmayə yatırmaq niyyətlərini bildiriblər.

    “Haberler.com” saytında qeyd edilib ki, Azərbaycan Avropa ilə Asiya arasında böyük tranzit potensialına malikdir. Yaradılan nəqliyyat infrastrukturu pespektivdə iqtisadi inkişaf üçün geniş imkanlar yaradıb. Cənubi Qafqazın iqtisadi baxımdan inkişaf etmiş ölkəsi olan Azərbaycanda iqtisadi islahatlar səmərəli həyata keçirilib.

    “Bloomberg”də nəzərə çatdırılıb ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR, Fransanın “TotalEnergies” və mərkəzi Abu Dabidə yerləşən “XRG” şirkətləri arıasında aparılan danışıqların nəticəsi olaraq Abşeron qaz və kondensat sahəsinə sərmayə qoymaq haqqında razılıq əldə edilib. Materialda diqqətə çatdırılıb ki, “Abşeron” yatağından yaxın 3 ildə əlavə 5 milyard kubmetr təbii qaz hasil ediləcək.

    Qırğızıstanın Milli İnvestisiya Agentliyinin saytında dərc olunan materialda bildirilib ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda tükr dövlətlərinin qarşılıqlı sərmayə yatırımı məsələsi müzakirə olunub və qərara alınıb ki, türk dövlətlərinin investisiya agentlikləri arasında əlaqələr artırılsın və birgə layihələr təqdim edilərək həyata keçirilsin. Bunlarla yanaşı, dünya maliyyə bazarında fəal rol oynamaq da qərara alınıb.

    “Akşam” qəzetinin elektron platformasında dərc olunan materialda vurğulanıb ki, Prezident İlham Əliyev ölkədə alternativ və bərpaolunan enerji mənbələrindən olduqca səmərəli istifadə edir. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat alternativ enerji istehsal etmək potensialı var. Bu istiqamətdə Azərbaycanda böyük işlər görülür və istismara verilən stansiyalar da fəaliyyətini davam etdirir.

    Rusiyanın TASS İnformasiya Agentliyində Azərbaycanın energetika naziri Pərviz Şahbazovun “Regional enerji əlaqələri və yaşıl keçid: Çağırışlar və imkanlar” mövzusunda keçirilən sessiyadakı çıxışına istinadla yazılır ki, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsi üzrə yekun investisiya qərarı 2029-cu ilə planlaşdırılır. Ümumi ötürmə gücü 4 QVt olan layihənin texniki-iqtisadi əsaslandırılması onun mümkünlüyünü təsdiqləyib. Dəhliz 2032-ci ildə tədricən istifadəyə veriləcək və onun tam gücü ilə 2040-cı ilə qədər istifadəyə verilməsi planlaşdırılır.

    “Finacial One” portalında vurğulanıb ki, forumda imzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su idarəçiliyi sahələrində layihələrin həyata keçirilməsini nəzərdə tutur. Müxtəlif ölkələrin dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, qlobal investorların, beyin mərkəzlərinin və işgüzar dairələrin nümayəndələrinin qatıldığı forumda Azərbaycan və region üçün investisiya perspektivləri, Orta Dəhlizin inkişafı, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, vacib xammal və iqtisadi təhlükəsizlik məsələləri müzakirə olunub. Dünya üçün aktual xarakter daşıyan bu məsələləri Azərbaycan diqqətdə saxlayaraq müasir trendlərdən geridə qalmır.

    “Ритм Евразии” analitik portalında dərc edilən materiallarda diqqətə çatdırılıb ki, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “The European House – Ambrosett”nin baş direktoru və idarəedici tərəfdaşı Valerio De Molli “Azərbaycan və Cənubi Qafqaz: İnvestisiyaların artımı üçün mərkəz” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın və Cənubi Qafqazın investisiyaların artımı üçün potensialı, regional əlaqələri və bögənin qlobal iqtisadi sistemdəki inkişaf edən rolu vurğulanıb. Azərbaycanın iqtisadi potensialı haqqında ətraflı məlumat verilib.

    “İşçı Haber” saytında yazılıb ki, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 10,8 milyard dollarlıq investisiya sənədinin imzalanması onun mötəbərliyi ilə yanaşı, Azərbaycanın iqtisadi potensialının da yüksək olduğunu göstərir. Müxtəlif sahələri əhatə edən investisiya sənədləri perspektivdə ölkə iqtisadiyyatının inkişafına böyük təkan verəcək. Forumda iştirak edən dünyamiqyaslı şirkətlər də öz aralarında əməkdaşlıq haqqında razılıqlar əldə ediblər. Azərbaycan keçirdiyi bu forum vasitəsi ilə beynəlxalq şirkətlər üçün əməkdaşlıq imkanı yaradıb.

    “Star” qəzetinin elektron variantında yayımlanan məqalədə bildirilib ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun işinə qatılan Azərbaycan Prezidenti İlham Əliyev uzunmüddətli və davamlı artıma nail olmaq üçün neft və təbii qazdan başqa sektorların potensialının qiymətləndirilməli olduğunu bildirib və əlavə edib ki, bərpaolunan enerji, logistika, nəqliyyat, elektrik enerjisi ixracı və mədənçilik gələcəkdə ölkə iqtisadiyyatının mühüm hərəkətverici qüvvələri olacaq. Azərbaycan etibarlı ölkə olduğu üçün buraya sərmayə yatırmaq istəyən şirkətlərin sayı artır. Təsadüfi deyil ki, son 20 ildə Azərbaycana təxminən 350 milyard dollar sərmayə yatırılıb.

    “Yeni Dönəm” saytı forumda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə geniş yer verib. Qeyd olunub ki, Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Beynəlxalq İnvestisiya Forumunda çıxış edərək deyib: “Azərbaycandan keçən tranzit yük daşımalarında sürətli artım var və bu il 16 milyon tona çatacaq. Lakin məqsədimiz 2030-cu ilə qədər həm şərq-qərb, həm də şimal-cənub marşrutları üzrə 25 milyon tona, bəlkə də, daha çoxa çatmaqdır. Buna nail olmaq üçün qonşularımızla fəal şəkildə çalışırıq”.

    Saytda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin regionda apardığı sülh siyasəti bu planların reallaşmasına imkan verir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Sentyabr 2026