Hindistanın Uttar-Pradeş ştatında güclü leysan yağışları nəticəsində 56 nəfər ölüb, daha 46 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Times of India” məlumat yayıb.
Bildirilir ki, leysan yağışları ştatın böyük hissəsini əhatə edib və genişmiqyaslı dağıntılara səbəb olub. Ən çox ölüm Sitapur rayonunda qeydə alınıb. Burada 7 nəfər həyatını itirib. Laximpur-Xeri, Bahraic və Balrampur rayonlarının hər birində 5, Ayodxya və Qoraxpurda isə 4 nəfər ölüb.
Təbii fəlakət nəticəsində 107 heyvan da tələf olub, 1021 evə ziyan dəyib. Yaşayış binalarına ən ciddi zərər Hardoi və Sitapur rayonlarında qeydə alınıb.
Məlumata görə, 48 saat ərzində ştat üzrə orta hesabla 66,5 mm yağıntı düşüb. Bu göstərici 7,6 mm olan normadan 775 faiz çoxdur. Uttar-Pradeşin 75 rayonundan 56-da yağıntının normadan əhəmiyyətli dərəcədə çox olduğu bildirilib.
Hazırda dəymiş ziyanın qiymətləndirilməsi davam edir. Rayon administrasiyaları xilasetmə işləri aparır, zərərçəkənlərə yardım göstərir və dağıntıların miqyasını müəyyənləşdirir.
















