Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2026-cı ilin ilk 9 ayı ərzində Azərbaycanda 28 kişi nikaha daxil olarkən həyat yoldaşının soyadını qəbul edib. Adətən qadının kişinin soyadını götürməsi normal hal sayılır və bunun əksinin yaşanması maraq doğurur.
Bəs, kişilərin həyat yoldaşının soyadını götürməsi nə ilə bağlıdır? Bu tendensiya qarşıdakı illərdə arta bilərmi? Kişinin həyat yoldaşının soyadını qəbul etməsi cəmiyyətdə niyə təəccüblə qarşılanır?
.jpg)
Nail Cəlil: İstənilən halda kişilər öz soyadlarını həyat yoldaşlarına qəbul etdirsələr, daha yaxşıdır
Mövzu ilə bağlıBakıvaxtı.az-a danışan sosioloq Nail Cəlilbildirib ki, kişilərin qadın soyadını qəbul etməsi bəzi istisnalar nəzərə alınmaqla çox da məqsədəuyğun deyil.
Onun sözlərinə görə, motivləri və səbəbləri araşdırmadan konkret fikir söyləmək çətindir. Əgər kişi xanımının soyadını sevgidən və ya şəxsi səbəblərdən qəbul edirsə, vəziyyəti qismən anlamaq olar:
"Hər bir halda dünyada qəbul edilmiş prinsip bundan ibarətdir ki, ailə quranda xanım həyat yoldaşının soyadını qəbul edir. Bu, 80-90 faiz hallarda stereotipləşmiş, normallaşmış və bir dəyər kimi qəbul edilən haldır. Qadının kişinin soyadını qəbul etməsi təbii və gözləniləndir, burada qeyri-adi heç nə yoxdur. Həm dini-mənəvi dəyərlər, həm də hüquqi cəhətdən bu məsələ öz həllini tapıb. Qanun icazə verirsə, hüquqi maneə yoxdur. Amma mental dəyərlərə gəldikdə təbii ki, müəyyən suallar və ictimai qınaq yaranır. Bunun əksi çox da gözlənilən və arzuedilən deyil".
Sosioloqun sözlərinə görə, bu gün 28 olan rəqəm sabah 250, 280 və ya daha çox ola bilər. Müsahibimiz ona görə də bu cür faktların çox qabardılmasının tərəfdarı deyil:
"Biz bir məsələnin üzərinə nə qədər çox getsək, bilərəkdən və ya bilməyərəkdən o məsələ daha da dərinləşir, böyüyür və prosesi lazım olmayan məcraya yönəltmiş oluruq. İnsanları səbəbini araşdırmadan qınamaq, məzəmmət etmək də doğru deyil. Yəqin ki, bu 28 nəfərin əksəriyyətinin əsaslı səbəbi olub və bu addımı atıblar. Normalda sağlam düşüncəli, ağlı başında olan heç bir kişi öz soyadından imtina edərək başqa soyad qəbul etmək istəməz. Bu, xüsusən Azərbaycan mentalitetinə yad olan xüsusiyyətdir", - deyə müsahibimiz qeyd edib.
Nail Cəlilin fikrincə, digər ölkələrdə də bu hal çox xoş qarşılanmır. Qınaq aşağı-yuxarı bütün ölkələrdə var. Hətta dəyərlərin bir qədər qarışıq olduğu, bizim üçün qəribə sayılacaq bəzi Afrika ölkələrində belə bu yanaşma qəbul edilən hesab olunmur. İstisnalar ümumi qaydaları pozmur:
"İstənilən halda kişilər öz soyadlarını həyat yoldaşlarına qəbul etdirsələr, daha yaxşıdır. Pis halda hər iki tərəf öz soyadı ilə davam etməlidir. Amma dünyaya gələn övladlar birmənalı olaraq atanın soyadını daşımalıdır və belə də davam etməlidir. Ailə qurmaq, ailə başçısı olmaq sosial məsuliyyətdir, cəmiyyət qarşısında öhdəlikdir. Bu, tərəflərin birinin öndə olmasını tələb edir, amma bu, soyadın dəyişməsi mənasına gəlmir".
Ellada Bayramov: Uşağın soyadının müəyyənləşdirilməsində cinsə əsaslanan üstünlük nəzərdə tutulmayıb
Hüquqşünas Ellada Bayramova isə Bakıvaxtı.az-a açıqlamasında məsələnin hüquqi tərəfinə toxunub.
Hüquqşünasın sözlərinə görə, 28 kişinin nikaha daxil olarkən həyat yoldaşının soyadını qəbul etməsi maraqlı statistik göstəricidir. Bu, ilk baxışdan ənənəvi ailə modelindən fərqli görünə bilər.
"Əgər ata ananın soyadını götürübsə, uşaqlar hansı soyadı daşıyır" sualını cavablandıran müsahibimiz qeyd edib ki,əvvəlcə bir məqamı dəqiqləşdirmək lazımdır. Dediyinə görə, soyadın seçilməsi ailə münasibətlərində tərəflərdən birinin digərinə tabe olması və ya ailədə kimin üstün mövqeyə malik olması məsələsi deyil:
“Bu, qanunla hər iki həyat yoldaşına bərabər şəkildə verilmiş seçim hüququdur. Bu halda valideynlərin soyadları fərqli olduğundan uşağın soyadı onların qarşılıqlı razılığı əsasında müəyyən edilir. Uşağa ya atanın, ya da ananın soyadı verilə bilər. Qanun bu seçimdə atanın soyadına üstünlük tanımır".
E.Bayramova qeyd edib ki, valideynlər uşağın soyadı ilə bağlı razılığa gələ bilmirlərsə, Ailə Məcəlləsinin 53.4-cü maddəsinə əsasən, yaranmış fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 4.2 və 4.3-cü bəndləri də bu mexanizmi konkretləşdirir.
"Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, ailədə uşağın maraqlarına toxunan məsələlər həll edilərkən onun fikrini bildirmək hüququ var və 10 yaşına çatmış uşağın fikri, onun maraqlarına zidd hallar istisna olmaqla, mütləq nəzərə alınmalıdır. Həmçinin 54.4-cü maddəyə görə, 10 yaşına çatmış uşağın soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Əslində ailə münasibətlərində soyad məsələsi simvolik xarakter daşısa da, onun arxasında mühüm hüquqi prinsip dayanır: ailənin formalaşması tərəflərdən birinin digərinin hüquqi və fərdi kimliyini mənimsəməsi deyil, bərabərhüquqlu şəxslərin könüllü birliyidir.
Qanun kişinin qadının soyadını qəbul etməsini də, qadının kişinin soyadını qəbul etməsini də eyni hüquqi müstəvidə qiymətləndirir", - müsahibimiz bildirib.
Hüquqşünas bildirib ki, uşağın soyadının müəyyənləşdirilməsində cinsə əsaslanan üstünlük nəzərdə tutulmayıb. Nəticə etibarilə hüquqi baxımdan əsas məsələ uşağın hansı valideynin soyadını daşıması deyil, bu seçimin qanunvericiliyə, valideynlərin razılığına və uşağın mənafeyinə uyğun həyata keçirilməsidir:
"Çünki hüquqda bərabərlik yalnız qanunda qadın və kişiyə eyni hüququn verilməsi ilə tamamlanmır. Həmin hüququn cəmiyyət tərəfindən də istisnasız qəbul edilməsi hüquq mədəniyyətinin göstəricisidir".
Gülşən Şərif
















