Son illər Azərbaycanda estetik əməliyyatlara maraq kəskin artıb. Belə ki, insanlar görünüşlərində bəyənmədikləri detalları dəyişdirmək üçün plastik cərrahlara müraciət edirlər. Ən vacib məsələlərdən biri də doğru həkim seçimidir.
Maraqlıdır ki, estetik əməliyyatlara artan bu marağın səbəbi nədir? Azərbaycanda özünü plastik cərrah kimi təqdim edənlərin sayı artır, amma həqiqətən bu ixtisasa sahib olanların sayı nə qədərdir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran plastik, rekonstruktiv və estetik cərrah Vasif Məmmədovun sözlərinə görə, estetik əməliyyatlara maraq təkcə Azərbaycanda deyil, bütün dünyada artır:
"Bu artımın əsas səbəbi sosial media istifadəsidir. Bu gün sosial mediadan istifadə etməyən insan belə gündə ən azı bir saatını orada keçirir. Ona görə də əməliyyat etdirənlərin dairəsi genişlənib. Artıq təkcə imkanlı şəxslər deyil, sıravi vətəndaşlar da bu əməliyyatlara müraciət edirlər. Xüsusilə burun estetikası, sinə kiçiltmə və böyütmə, liposaksiya, popo lipofillinq və üz gərmə əməliyyatlarına tələbat artıb”.
Müsahibimiz qeyd edib ki, sosial şəbəkələrdə ideal bədən və üz quruluşu ilə bağlı paylaşılan görüntülər, filtrli fotolar, məşhurların dəyişimi insanların öz görünüşünə olan baxışını da dəyişib. Bir çoxları üçün estetik əməliyyat artıq sadəcə gözəllik proseduru deyil, həm də özünə inamı artırmağın, psixoloji rahatlıq tapmağın bir yolu kimi qəbul olunur.
Cərrah bildirib ki, estetik əməliyyat üçün ən çox müraciət edənlər 30 yaşdan yuxarı pasiyentlərdir. Gənc yaş qrupunda müraciət edənlərin sayı nisbətən azdır. Bu, yəqin ki, maariflənmə ilə bağlıdır. İnsanlar daha çox yaşları irəlilədikcə müraciət edirlər.
Həkim seçimi zamanı diqqətli olmağa çağıran V.Məmmədov qeyd edib ki, xəstə mütləq həkimin həqiqətən plastik cərrah olub-olmadığını yoxlamalıdır:
“Səhiyyə Nazirliyinin yayımladığı və plastik cərrah olduğu təsdiqlənən həkimlərin siyahısı var. Hazırda həmin siyahıda cəmi 52 həkim var. Müraciət etməzdən əvvəl həkimin adının həmin siyahıda olub-olmadığını yoxlamaq lazımdır. Təəssüf ki, ölkəmizdə bəzi həkimlər özlərini heç olmadığı ixtisasın sahibi kimi təqdim edirlər. Siyahı internetdə açıqdır".

Vasiv Məmmədov: Bir çoxları üçün estetik əməliyyat həm də özünə inamı artırmağın bir yolu kimi qəbul olunur
"Sosial şəbəkələrdə əməliyyat fəsadlarını paylaşanlar olur. Bu halda günahkar kimdir" sualını da cavablandıran müsahibimizin fikrincə, hər əməliyyat kimi, estetik əməliyyatların da riskləri var. Adı üstündə, bu, əməliyyatdır. Buna görə də əməliyyatdan sonra fəsadlar meydana gələ bilər.
"Yaxşı olar ki, əməliyyatdan əvvəl bu risklər müzakirə olunsun və onların qarşısının alınması barədə məlumat verilsin. Çünki xəstənin yaşı, əlavə xəstəlikləri, istifadə etdiyi dərmanlar, əməliyyatdan sonrakı reabilitasiya dövrü və onun necə keçəcəyi kimi amillərin hamısı nəticəyə təsir edir. Fəsad yarandıqdan sonra yenidən əməliyyatı edən cərraha müraciət olunmalıdır. Bu fəsadın necə aradan qaldırıla biləcəyi müzakirə edilməlidir.
Tolstoyun bir sözü var: Xoşbəxt ailələr hamısı bir-birinə bənzəyir, bədbəxt ailələrin hərəsi bir cür bədbəxtdir. Əməliyyatdan sonrakı fəsadlar da elədir, onların çox müxtəlif səbəbləri olur. Ona görə də hər hala fərdi yanaşmaq, yaranan fəsada uyğun fikir bildirmək daha doğrudur", - deyə Vasif Məmmədov vurğulayıb.
Gülşən Şərif
















