Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Moskvanın sülh niyyətini sübut etməli olduğu barədə bəyanatına İncildən sitatla cavab verib.
Bakıvaxtı.az gazeta.ru-ya istinadən xəbər verir ki, Zaxarova “Zvezda” telekanalına açıqlamasında Matta İncilinin 7-ci fəslinin 6-cı ayəsini səsləndirib:
“Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzların qabağına atmayın ki, onları ayaqları altında tapdalamasınlar, sonra da dönüb sizi parçalamasınlar”.
Diplomat əlavə edib ki, bunu Xristian Demokrat İttifaqının üzvü olan Vadefula İncili açıb oxuması üçün xatırladır.
Vadeful daha əvvəl BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla digər həmkarlarının xahişi ilə görüşdüyünü bildirib. O, Avropanın Rusiya ilə dialoqu tamamilə ABŞ-nin öhdəsinə buraxmasını istəmədiyini vurğulayıb. Almaniyalı nazir Soyuq müharibə dövründə də dialoqun mövcud olduğunu xatırladaraq Lavrovla fikir mübadiləsi üçün ilk fürsətdən istifadə etməyi düzgün saydığını deyib.
Qeyd edək ki, Lavrovla Almaniya XİN rəhbərinin son 4,5 ildə ilk görüşü Berlinin təşəbbüsü ilə BMT-nin mənzil-qərargahında keçirilib. Görüş yarım saatdan az davam edib.
















