“Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir”.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib.
Professor bildirib ki, ötən gün bir qrup erməni deputat Kərki kəndinə səfər edərək orada yaşayan əhaliyə mənfi yöndə istiqamət verməyə çalışıblar:
“Onlar erməni əhali arasında etməyə çalışdılar ki, hakimiyyət bu kəndi Azərbaycana təhvil verəcək, amma narahat olmasınlar, buna imkan verməyəcəklər. Əlbəttə, revanşistlər bu prosesin reallaşmasına mane ola bilməyəcəklər. Çünki Kərki Azərbaycan kəndidir və razılaşmalara görə mütləq geri qaytarılacaq. Ermənistan hökumətinin başçısı Nikol Paşinyan və onun komanda üzvləri dəfələrlə bəyan ediblər ki, Kərki kəndi mütləq Azərbaycana təhvil veriləcək”.
Müsahibimiz vurğuıayıb ki, bu ərazilər Ermənistanın beynəlxalq hüquqla tanınmış sərhədləri çərçivəsinə daxil deyil. Dediyinə görə, yəni Paşinyan özü birmənalı təsdiq edir ki, Kərki Azərbaycanın kəndidir:
“Elə Ermənistan daxilində də müzakirələr bundan sonra başlayıb. Delimitasiya və demarkasiya prosesi çərçivəsində sərhədlərin müəyyənləşməsi şimaldan üzü cənuba doğru aparılır. Proses Kərki kəndi istiqamətinə çatanda bu məsələnin Azərbaycanın xeyrinə həll olunacağı şübhəsizdir. Qazaxın digər 3 anklav kəndin qaytarılması da müzakirə mövzusudur və onların da qaytarılması reallaşacaq”.

Qafar Çaxmaqlı: Ermənilərin təxribatçı addımları, təşəbbüsləri olacaq ki, bu prosesi mümkün qədər yubatsınlar
Alimin sözlərinə görə, Kərki kəndinin Gədəbəydəki Başkəndlə mübadilə edilməsi təklifi erməni hiyləsidir:
“Kərki ilə Başkəndi strateji önəmi eyni deyil. Ermənistandan Zəngəzura gedən magistral yol Kərkidən keçir. Əgər Kərki kəndi Azərbaycana verilərsə, Ermənistan başqa yol çəkmək məcburiyyətindədir. Ancaq dağlıq relyefdə belə alternativ yolun çəkilməsi olduqca çətindir, hətta qeyri-mümkündür. O səbəbdən, həmin strateji yolun keçdiyi Kərki kəndi mütləq Azərbaycana qaytarılmalıdır”.
“Ermənilərin təxribatçı addımları, təşəbbüsləri olacaq. Çalışacaqlar ki, bu prosesi mümkün qədər yubatsınlar. Hətta lokal xarakterli gərginlik də yarada bilərlər. Amma faydasızdır və gec-tez anklav kəndlər Azərbaycana qaytarılacaq”, - deyə Qafar Çaxmaqlı əlavə edib.
Aydın Baxış
















