Bir neçə gün öncə ölkəmizdə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirildi. Tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb. İmzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpa olunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı və digər istiqamətləri əhatə edib.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin iqtisadi və siyasi inkişafına necə təsir edəcək? Bu forumun Azərbaycan üçün hansı əhəmiyyəti var?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Zahid Oruc bildirib ki, iyun ayında Bakı Enerji Həftəsi zamanı elan edilmiş layihələr də nəzərə alınarsa, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard dollara çatır.
Onun sözlərinə görə, Azərbaycanın investisiya tarixində xarici kapitalın rolu böyükdür. Prezident İlham Əliyev II İnvestisiya Forumunda son 20 ildə ölkəyə 350 milyard dollardan çox ümumi investisiya cəlb edildiyini və ölkəmizə yatırılan sərmayenin yarısının birbaşa xarici investisiya olduğunu bildirib:
"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycana cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcmi 7,046 milyard dollar təşkil edib. Göründüyü kimi, dövlət öz iri infrastruktur və quruculuq layihələrinin əksəriyyətini daxili vəsaiti hesabına maliyyələşdirə bilir. Lakin iqtisadiyyatın texnoloji transformasiyası üçün yalnız daxili mənbələr və resurslar kifayət etmir. Xarici investorun əsas faydası maliyyə ilə yanaşı texnologiya, idarəetmə təcrübəsi, bazara çıxış, patent, istehsal zənciri və beynəlxalq korporativ standartlar gətirməsidir. Cənubi Qafqaz ölkələrini yalnız investisiyanın dollar məbləği ilə müqayisə etmək yanlış nəticə verə bilər. Ölkələrin iqtisadi ölçüsü, energetika strukturu və daxili kapital imkanları fərqlidir.
Gürcüstanın 2025-ci ildə birbaşa xarici investisiyaları təxminən 1,9 milyard dollar olub və ÜDM-ə nisbətdə yüksək pay saxlayıb. Qonşu ölkənin üstünlüyü kiçik iqtisadiyyat, liberal biznes rejimi və xarici kapitaldan daha yüksək asılılıqla əlaqəlidir. Azərbaycanda isə dövlətin maliyyə ehtiyatları, enerji gəlirləri və daxili investisiya imkanları daha genişdir. Buna görə xarici kapitalın ÜDM-də və əsas kapital investisiyalarında çəkisinin daha aşağı olması avtomatik olaraq zəif investisiya mühiti anlamına gəlmir. Lakin müqayisənin digər tərəfi daha əhəmiyyətlidir. Gürcüstan xarici kapitalı qeyri-neft iqtisadiyyatına daha geniş şəkildə cəlb edə bilir. Azərbaycan isə uzun müddət xarici investor üçün ilk növbədə enerji ölkəsi kimi qəbul edilib".
Z.Oruc qeyd edib ki, ölkənin investisiya iqlimi və hüquqi şərait çox böyük önəmə malikdir. Prezident İlham Əliyevin forumda səsləndirdiyi ən mühüm fikirlərdən biri 30 il əvvəl imzalanmış neft-qaz müqavilələrinin şərtlərinin dəyişdirilməməsi ilə bağlı idi. Ölkə başçısı bildirdi ki, həmin müqavilələrdə "bir söz belə dəyişdirilməyib", yəni etibarlı tərəfdaş statusu qazanıb.
"Mövcud qanunvericilik də xarici investor üçün bir sıra üstünlüklər qazandırır. "İnvestisiya fəaliyyəti" haqqında qanun xarici investorun yerli sərmayəçi müqayisədə daha əlverişsiz rəftara məruz qalmamasını, diskriminasiyanın qadağan olunmasını və investisiya gəlirlərinin sərbəst şəkildə xaricə köçürülməsini nəzərdə tutur. Əvvəlki xarici investisiyalar qanunvericiliyində də milliləşdirmədən müdafiə, kompensasiya və investisiya gəlirlərinin transferi kimi təminatlar müəyyən edilib. Deməli, Azərbaycanda xarici investisiyaya hüquqi təminatlar mövcuddur. Digər mühüm amil makroiqtisadi sabitlikdir. Prezident forumda Azərbaycanın xarici dövlət borcunun ÜDM-in 5,6 faizi olduğunu, valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələdiyini və manatın dollar qarşısında 2017-ci ildən 1,7 səviyyəsində sabit qaldığını vurğulayıb. Aşağı borc, böyük maliyyə ehtiyatı və sabit məzənnə uzunmüddətli investor üçün mühüm risklərin bir hissəsini azaldır.
İkincisi, enerji və infrastruktur bazasıdır. Üçüncüsü, coğrafi bağlantıdır. Dördüncüsü, dövlətin böyük layihələri həyata keçirmək qabiliyyətidir", - deyə müsahibimiz vurğulayıb.

Zahid Oruc: Ölkəmiz Cənubi Qafqazda kapitalın, texnologiyanın və regional bağlantının əsas mərkəzinə çevriləcək
Deputatın sözlərinə görə, beynəlxalq maliyyə institutlarının öz strategiyaları göstərir ki, iqtisadi modelin inkişaf etdirməli olduğu sahələr hələ çoxdur. EBRD-nin 2025-ci ildə qəbul etdiyi Azərbaycan strategiyasının birinci prioriteti daha güclü, rəqabətli və inklüziv özəl sektor və təkmilləşdirilmiş idarəetmə, ikinci prioriteti isə yaşıl iqtisadiyyat və regional bağlantıdır:
"Bank dövlət müəssisələrində korporativ idarəetmənin gücləndirilməsini, biznes mühitinin yaxşılaşdırılmasını və qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılmasını ayrıca hədəf seçib. Neft-qazdan kənar xarici investisiyanın həcmi artmalıdır. Məhkəmə və arbitraj etimadı, müqavilələrin icrası və tənzimləmə proqnozlaşdırılması investor üçün daim əsas göstəricilərdir. İnsan kapitalı və texniki kadr bazası yeni investisiya modelinin əsas məhdudiyyətinə çevrilə bilər. Süni intellekt, data mərkəzləri, yaşıl enerji, yüksək texnologiyalı istehsal və əczaçılıq yalnız kapital yox, mühəndis, proqramçı, texnoloq və idarəçi tələb edir.
Forumun mövzusu təsadüfi seçilməyib: "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi". Artıq Vətən müharibəsində Qələbəmizin siyasi coğrafiyası genişlənir və uzun illərin işğal reallığı, bölgəyə olan təhlükələr və regionun iqtisadi potensialına olan etimadın səviyyəsi dəyişir. Ən böyük investisiya iqlimi sülhün daimiliyini təmin etmək olacaq".
Müsahibimiz onu da bildirib ki, əvvəllər Cənubi Qafqaz xarici investor üçün münaqişə, bağlı sərhədlər və geosiyasi risklər kimi görünürdü. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, yeni kommunikasiya marşrutlarının açılması və Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi regionun cəlbedciliyini artıracaq. Avropa ilə Asiya arasında enerji, logistika, rəqəmsal və istehsal bağlantısı məkanına çevrilmək üçün böyük perspektivlər var.
"II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas əhəmiyyəti ölkəmizi çoxşaxəli beynəlxalq investisiya platformasına keçmək iddiasının nümayiş olunmasıdır. Layihələrin reallaşması xarici kapitalın qeyri-neft sektorundakı çəkisi artıracaq və investisiya mühitində idarəetmə, rəqabət, müqavilə icrası və özəl sektorla bağlı qalan məsələlər həllini tapacaqdır. Ölkəmiz Cənubi Qafqazda kapitalın, texnologiyanın və regional bağlantının əsas mərkəzinə çevriləcək", - deyə Zahid Oruc əlavə edib.
Gülşən Şərif
















