Roma Papası XIV Lev Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlar masasına oturmağa və müharibənin davam etdirilmədən həlli yollarını axtarmağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Papa bu fikirləri Fransanın Metz şəhərinə səfərindən sonra Romaya qayıdarkən təyyarədə keçirdiyi mətbuat konfransında səsləndirib.
O bildirib ki, Katolik Kilsəsi heç kimi dialoqa məcbur edə bilməz, lakin sülh çağırışlarını davam etdirəcək.
XIV Lev həmçinin bildirib ki, Kilsənin vəzifələrindən biri insan ləyaqətini, həyatın dəyərini və sülhü təşviq etməkdir. O, silahlanmaya böyük vəsaitlərin ayrılmasını tənqid edərək bu resursların səhiyyə və digər sosial problemlərin həllinə yönəldilə biləcəyini qeyd edib.
Papa Metz şəhərindəki çıxışlarında da Avropada sülh və birlik üçün dialoq, danışıqlar və əməkdaşlığın vacibliyini vurğulayıb.
Murad İsmayıl
















