Telefonunuza zəng gəlir. Qarşı tərəfdə yaxınınızın səsidir: “Təcili pul lazımdır.” Bir qədər sonra videozəng açılır və ekranda həqiqətən həmin insanı görürsünüz. Bəs həm səs, həm də görüntü saxtadırsa?
Süni intellekt fırıldaqçılığı yeni mərhələyə keçirir. Əvvəllər dələduz sizə “mən bank əməkdaşıyam”, “mən sənin rəhbərinəm” deyirdi. İndi isə süni intellekt vasitəsilə həmin insanın səsi ilə danışa, üzünü təqlid edə və hətta onun siması ilə videozəngə qoşula bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Süni intellekt məhsulları və rəqəmsal transformasiya üzrə Aparıcı Məhsul sahibi və ekspert, Sİ əsaslı bilixhub.com platformasının həmtəsisçisi və təlimçi Nazim Ağazadə bildirib ki, deepfake adlanan texnologiya real insanın səsini, üzünü və hərəkətlərini süni şəkildə imitasiya etməyə imkan verir. Onun sözlərinə görə, problem texnologiyanın özündən çox, onun köhnə fırıldaq üsulları ilə birləşməsidir: “təcili pul göndər”, “heç kimə demə”, “hesab dəyişib”, “bu əməliyyatı indi təsdiqlə”.
Müsahibimiz qeyd edib ki, rəqəmlər riskin artıq nəzəri olmadığını göstərir:
“FBI-yə 2025-ci ildə süni intellektlə əlaqəli 22 mindən çox şikayət daxil olub və bildirilən itkilər təxminən 893 milyon dollara çatıb. ABŞ Federal Ticarət Komissiyasının məlumatına görə isə dövlət qurumlarının və şirkətlərin adından edilən də daxil olmaqla bütün növ şəxsiyyət təqlidi fırıldaqlarında itkilər 2025-ci ildə 3,5 milyard dollar olub”.
N.Ağazadə bildirib ki, deepfake-in nə qədər təhlükəli ola biləcəyini 2024-cü ildə Honq Konqda baş verən hadisə göstərdi. Belə ki, beynəlxalq mühəndislik şirkətinin əməkdaşı videokonfransda maliyyə direktoru və digər həmkarları ilə danışdığını düşünürdü. Ekrandakı insanlar isə deepfake idi. Nəticədə təxminən 25 milyon dollar fırıldaqçıların hesablarına köçürüldü. Bu hadisənin ən düşündürücü tərəfi itirilən məbləğ deyil. İnsan videozəngi kimliyin sübutu hesab etmişdi.

Nazim Ağazadə: Deepfake dövründə əsas problem artıq yalnız internetdə yalan məlumatın yayılması deyil
Ekspertin dediyinə görə, indiyə qədər “öz gözümlə gördüm” və “öz qulağımla eşitdim” bizim üçün ən güclü təsdiqlərdən idi:
“Deepfake isə məhz bu etibarı hədəfə alır. Artıq saxta mesajı deyil, tanıdığımız insanın üzünü və səsini də şübhə altına almaq məcburiyyətindəyik. Üstəlik, deepfake-i həmişə gözlə müəyyən etmək mümkün deyil. “Dodaq hərəkətlərinə bax”, “səsdə qəribəlik axtar” kimi üsullar texnologiya inkişaf etdikcə etibarlı müdafiə sayıla bilməz. Ona görə təhlükəsizlik qaydası dəyişir.
Rəhbəriniz videozəngdə pul köçürməyi tələb edirsə, tələbi başqa kanaldan təsdiqləyin. Yaxınınız öz səsi ilə “təcili pul göndər” deyirsə, zəngi bağlayıb bildiyiniz nömrədən özünüz geri zəng edin. Ailədə yalnız sizin bildiyiniz kod sözünün olması belə bəzi hallarda əlavə yoxlama vasitəsinə çevrilə bilər. Çünki deepfake dövründə əsas problem artıq yalnız internetdə yalan məlumatın yayılması deyil. Problem budur ki, səs və görüntü də şəxsiyyətin sübutu olmaqdan çıxır”.
Nazim Ağazadə vurğulayıb ki, yeni qayda sadədir: pul, parol və ya şəxsi məlumat tələb olunursa, gördüyünüz və eşitdiyiniz şəxsi deyil, tələbin özünü ayrıca təsdiqləyin.
Murad Məmmədli
















