“Çəkiyə nəzarət ürək-damar sisteminin sağlamlığının qorunmasında çox vacib amillərdən biridir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova deyib.
Onun sözlərinə görə, artıq çəki, xüsusilə də qarın nahiyəsində toplanan piy toxuması arterial təzyiqin yüksəlməsi, şəkərli diabet, xolesterinin artması və damarların aterosklerozu kimi risk faktorlarının yaranma ehtimalını artırır:
“Bu amillərin hər biri isə öz növbəsində infarkt və insult riskini yüksəldə bilər. Bundan əlavə, artıq çəki zamanı ürək daha çox işləməyə məcbur olur, çünki orqanizmin daha çox qan və oksigenə ehtiyacı yaranır. Zaman keçdikcə bu vəziyyət ürək-damar sisteminə əlavə yük yarada bilər. Buna görə də, sağlam çəkinin qorunması yalnız xarici görünüş məsələsi deyil, ilk növbədə ürək və damarların sağlamlığı ilə bağlı məsələdir”.
Direktor qeyd edib ki, burada məqsəd mütləq “ideal çəkiyə” çatmaq olmamalıdır:
“Artıq çəkisi olan insanın bədən çəkisinin 5–10 faiz azalması belə arterial təzyiqə, qanda şəkər və xolesterin səviyyəsinə müsbət təsir göstərə, ümumi ürək-damar riskini azalda bilər. Yəni çəkidə nisbətən kiçik, lakin davamlı azalma belə sağlamlıq üçün faydalıdır. Ona görə çəkiyə nəzarət dedikdə yalnız pəhriz nəzərdə tutulmamalıdır. Burada kompleks yanaşma vacibdir: sağlam və balanslı qidalanma, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu və ümumilikdə düzgün həyat tərzi. Həmçinin duzun, şəkərin, doymuş yağlarla zəngin qidaların həddindən artıq istifadəsini məhdudlaşdırmaq, meyvə-tərəvəz, tam taxıllı məhsullar və digər faydalı qidalara üstünlük vermək lazımdır”.
G.Dadaşova bildirib ki, qısa müddətli sərt pəhrizlərdən çəkinmək lazımdır, çünki belə pəhrizlərdən sonra çəki çox vaxt yenidən arta bilər:
“Əsas məqsəd insanın uzun müddət davam etdirə biləcəyi sağlam və davamlı vərdişlər formalaşdırmaqdır. Ürək üçün qısa müddətdə sürətli çəki itirməkdən daha vacib olan stabil və sağlam həyat tərzidir. Buna görə də çəkiyə nəzarət müvəqqəti məqsəd kimi deyil, ürək və damar sağlamlığının qorunmasının uzunmüddətli bir hissəsi kimi qəbul edilməlidir”.
















