22 yaşım var.
Bəzən bu cümləni deyəndə elə bilirəm ki, nəyəsə gecikmişəm. Etiraf edirəm, “bəzən”dən bir az daha çox.
Nəyə? Özüm də bilmirəm.
Əslində heç kim qarşıma keçib deməyib ki, “22 yaşında bunların hamısına sahib olmalısan”. Amma bunu haradansa əzbər etdiyimə and içərəm. Sanki həyatın görünməz bir təqvimi var və hər yaşın qarşısında yerinə yetirməli olduğumuz maddələr yazılıb.
20 yaş - özünü tap.
22 yaş - yaxşı iş tap.
25 yaş - ailə qur.
27 yaş - ev al.
30 yaş - artıq hər şeyin qaydasında olsun.
Bəs bunların heç biri vaxtında alınmasa?
Bəs insan 22 yaşında hələ nə istədiyini bilmirsə?
Bəs seçdiyi ixtisasın ona uyğun olmadığını yeni anlayıbsa?
Bəs maaşı yalnız öz ehtiyaclarına çatırsa və ev almaq haqqında düşünmək belə absurd görünürsə?
Bəs sadəcə bir müddət nəfəs almaq istəyirsə?
Niyə bütün bunlar uğursuzluq kimi səslənir?
Problem ondadır ki, başqalarının həyatının nəticələrinə tamaşa etdikdən sonra öz həyatımıza baxırıq.
Və birdən elə gəlir ki, hamı irəlidədir, mən yerimdə sayıram.
Halbuki heç kimin gecə saat 3-də nə düşündüyünü, ailəsi ilə hansı problemlərdən keçdiyini, nə qədər borcu olduğunu, özünü neçə dəfə uğursuz hiss etdiyini bilmirik.
Öz həyatının bütün arxa planını bilmək müqayisəni həmişə ədalətsiz edir.
İnsan layihə deyil.
Həyat da illik hesabat deyil ki, ilin sonunda qarşısına “karyera - tamamlandı”, “evlilik - tamamlandı”, “ev - tamamlandı” yazasan.
Məncə, 22 yaşında həyatınızı qurmaq məcburiyyətində deyilsiniz.
Hətta 25-də də.
30-da da.
Ən böyük itki arzularımıza çatmamaq deyil, başqalarının bizdən gözlədiyi həyata çatmaq üçün özümüzdən uzaqlaşmaqdır.
Çünki insan bəzən çox gecikməkdən yox, çox tələsməkdən itirir.
Tələsir ki, heç kəsdən geri qalmasın.
Tələsir ki, yaşı keçməsin.
Tələsir ki, başqaları onun haqqında “heç nə edə bilmədi” deməsin.
Bəzi qapılar vaxtında açılmadığı üçün yox, biz hələ o qapıdan keçəcək insan olmadığımız üçün bağlı qalır.
Çevrəndən fərqli olaraq, həyat sənə “gecikdin” demir.
Hər şeyi kənara qoyub səmimi olsaq, hə, biz özümüzə çox gecikmişik.
Siz necə, var gücünüzlə qaçsanız, özünüzə çata biləcəyiniz yaşdasınız?
Zeynəb Rzayeva
















