23 noyabrdan etibarən məktəblərdə 2026-2027-ci tədris ili üzrə payız tətili başa çatıb. Bəzi valideynlər üçün isə tətilin bitməsi sevindirici xəbər deyil, narahatlığın yenidən başlamasıdır. Məlumdur ki, övladının aldığı qiymətlərin kafi olması valideynlərin qarşılaşmaq istəmədiyi mövzulardan biridir.
Maraqlıdır, əgər uşağın dərsləri zəifdirsə, valideyn ilk olaraq səbəbi harada axtarmalıdır? Zəif qiymət bacarıqsızlıqdır, yoxsa motivasiya problemidir? Uşaqlarda dərsə marağı valideyn yaratmalıdır, yoxsa müəllimlər?
Təhsil eksperti Məzahir Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Onun sözlərinə görə, uşağın dərslərinin zəif olması məsələsində ən çox narahatlıq keçirən tərəf valideynlərdir:
"Bu gün Azərbaycanda tədris olunan fənlərin sayı 16-dır. Hər bir fənn üzrə 3 dəfə kiçik summativ qiymətləndirmə keçirilir. Yəni şagird təkcə ilk yarımildə təxminən 48 imtahan verir. Bu, əlbəttə ki, şagird üçün böyük stressdir. Elm və Təhsil Nazirliyi imtahanların sayının azaldılacağını açıqlayıb və bu, müsbət addım olardı. Çünki kiçik summativ, böyük summativ, aralıq qiymətləndirmələrin sayı mümkün qədər az olsa, şagird bir o qədər az stress yaşayar. Valideyn də şagirdlə bərabər məktəb yollarında qalmaz".
Ekpsert hesab edir ki, monitorinq qiymətləndirməsi məktəbdaxili qiymətləndirmədir və nə valideynə, nə də şagirdə birbaşa nəticə verir. Bu, növbəti illər üçün proqram hazırlığı üçündür. Lakin valideynlər bu məsələyə həddindən artıq gərgin yanaşırlar.

Məzahir Məmmədli: "Valideynlər şagirdlərə təzyiqi azaltmalıdırlar"
"Sözügedən mövzuda valideyn-məktəb-şagird üçbucağı xüsusi rol oynayır. Valideyn məktəb mühiti üçün yad adam deyil, valideyn məktəbin idarə edilməsində müəyyən rol almalıdır. Ancaq bizim valideynlər övladlarının qiymətləndirilməsinə, hətta formativ qiymətləndirməyə belə xüsusi önəm verirlər. Bu bizim ali təhsil müəssisələrinə qəbul sistemi ilə bağlıdır. Qəbul sistemində bir yumşalma və ya dəyişiklik olarsa, valideynlər bu qədər maraqlanmayacaqlar. Onlar da, şagirdlər də stres yükündən azad olacaqlar", - deyə müsahibimiz vurğulayıb.
M. Məmmədli tətil dövründə də valideynlərin uşaqlara təzyiq göstərdiyini deyib:
"Təəssüf ki, bəzi hallarda valideynlər dövlətin ayırdığı tətil müddətini belə uşaqların birbaşa dərslə məşğul olmasına yönləndirirlər. Bu isə uşaqların zehni yorğunluğuna gətirib çıxarır və arzuolunan vəziyyət deyil. Bundan başqa, şagirdlərin zəif nəticə göstərməsini bacarıqsızlıqla əlaqələndirmək düzgün olmaz. Bəzi hallarda şagirdlər motivasiyadan düşür, özünə qapanma halları baş verə bilər. Valideynlərin təzyiqi olmasa, şagirdlər müəllimlərin münasibətindən nəticə çıxarıb düz yolu tuta bilərlər. Ona görə də valideynlər şagirdlərə təzyiqi bir qədər azaltmalıdırlar".
Gülşən Şərif
















