• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

NETTY 2026 nominantların seçiminə başlayır

İQTİSADİYYAT

24 Noyabr 2026 | 11:40 | Müəllif: Əli Hüseynov

NETTY 2026 nominantların seçiminə başlayır

Azərbaycanın 21-ci Milli İnternet Mükafatı NETTY 2026-nın növbəti mərhələsi - nominantların seçimi noyabrın 24-də başlayır.

Bakıvaxtı.az xəbər verir ki, müsabiqədə 350-dən çox layihə iştirak edir. Dekabrın 4-dək Ekspert Şurası və internet istifadəçilərindən ibarət Virtual Münsiflər Heyəti səs verərək final mərhələsinə keçəcək layihələri müəyyənləşdirəcəklər.

İştirakçıların statistikası

Müsabiqənin iştirakçıları arasında 257veb-sayt, 46 tətbiq və 51 sosial şəbəkə layihəsi var. Ümumi sayda onların payı yuvarlaq hesabla müvafiq olaraq 72%, 13% və 15% təşkil edir.

Ən çox layihə "Rəqəmsal iqtisadiyyat, biznes və fintex" nominasiyasında təqdim olunub - 114 layihə. Sonrakı yerlərdə "Media, mədəniyyət və rəqəmsal kontent" - 70 layihə və "Elm, təhsil və rəqəmsal savadlılıq" - 64 layihə gəlir. Bu üç nominasiya birlikdə iştirakçıların təxminən 70%-ni əhatə edir.

Nominantlar necə seçiləcək

Ekspert Şurası yeddi əsas nominasiyada veb-saytları, tətbiqləri və sosial şəbəkə səhifələrini ayrı-ayrılıqda qiymətləndirəcək. Hər istiqamət üzrə ən çox səs toplayan üç layihə nominant olacaq. Beləliklə, hər üç istiqamət üzrə müsabiqə keçirilən nominasiyada doqquz nominant müəyyənləşir. Finalda Akademiya hər üçlükdən bir qalib seçərək ən yaxşı veb-saytı, tətbiqi və sosial şəbəkə səhifəsini mükafatlandıracaq. Layihələr ideya, məzmun və icra meyarları üzrə qiymətləndirilir.

Virtual Münsiflər Heyəti isə bütün iştirakçılar arasından yalnız ayrıca "Virtual münsiflər heyətinin seçimi" nominasiyası üzrə üç nominantı müəyyənləşdirəcək. Bu seçimdə layihənin hansı əsas nominasiyaya və növə aid olmasının fərqi yoxdur.

İnternet istifadəçiləri netty.az saytının Virtual jüri bölməsində Google hesabı ilə daxil olaraq səsverməyə qoşula bilərlər. Hər layihəyə bir dəfə səs vermək olar. İstifadəçi istədiyi sayda layihəni dəstəkləyə bilər. Ən çox səs toplayan üç layihə "Virtual münsiflər heyətinin seçimi" mükafatının nominantı olacaq.

Final səsverməsi və mükafatlandırma

Seçim mərhələsi dekabrın 4-də başa çatacaq. Nominantların yekun siyahısı seçim nəticələri əsasında elan ediləcək. Dekabrın 5-dən 15-dək NETTY Akademiyası əsas nominasiyalar və "Virtual münsiflər heyətinin seçimi" üzrə nominantlar arasından qalibləri müəyyənləşdirəcək.

NETTY 2026-nın qalibləri dekabrın 16-da keçiriləcək təntənəli mükafatlandırma mərasimində rəsmi elan olunacaq. Bütün nominantlar mərasimə dəvət ediləcək. Nominantlara diplomlar, qaliblərə isə NETTY mükafatları təqdim olunacaq.

2004-cü ildə təsis edilmiş NETTY Azərbaycanın ilk internet mükafatıdır. Bu il müsabiqə 21-ci dəfə keçirilir.

NETTY 2026-nın tərəfdaşları

Rəsmi tərəfdaşlar - AZINTELECOM, Bolt for Business.

Tərəfdaşlar - MSolution | Chewick, Ultra Technologies, SmartHost, Savalan, Renley, Online.az.

İnformasiya tərəfdaşları - Report İnformasiya Agentliyi, InfoCity, Technote.az, "Kaspi" qəzeti, Oxu.az, Baku.ws, Baku.TV, Media.az, Azərbaycan Fotoqrafları Birliyi, ALR MEDIA, Sapunov Online, Banks.az.

İştirakçılar, səsvermə və müsabiqə haqqında ətraflı məlumat netty.az saytındadır. Əməkdaşlıq və əlavə suallar üçün info@netty.az ünvanına yaza bilərsiniz.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026