Yaxın Şərqdə gərginliyin nisbətən azalması fonunda qlobal bazarda neft və mayeləşdirilmiş təbii qaz (LNG) qiymətləri son həftələrdə nəzərəçarpacaq dərəcədə azalıb.
Maraqlıdır, neft və qaz qiymətlərinin geriləməsi Azərbaycanın dövlət büdcəsinə və manatın sabitliyinə necə təsir edəcək? Hazırkı eniş büdcə üçün risk yaradırmı?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, neft qiymətlərinin düşməsi Azərbaycan üçün hər hansı risk yaratmır:
"Mövcud neft qiymətləri nə qədər aşağı düşsə də, Azərbaycanda həm 2026-cı ilin, həm də 2027-ci ilin proqnozlaşdırılan büdcəsində neftin qiymətinin 65 dollardan götürülməsi kifayət qədər ehtiyatlı yanaşmadır. Bu isə onu deməyə əsas verir ki, bir çox istiqamətlərdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə yanaşı, eyni zamanda milli valyutanın məzənnə stabilliyinin qorunması da təmin ediləcək. Bu baxımdan düşünürəm ki, hər hansısa bir risk mövcud deyil. Qarşıdakı dövrdə hətta neftin qiymətinin 65 dollardan aşağı düşməsi, hətta 50 dolların altına düşməsi belə manatla bağlı hər hansısa bir risk yaratmır".

Eldəniz Əmirov: Hər hansı bir risk mövcud deyil
İqtisadçı vurğulayıb ki, ölkənin həm valyuta ehtiyatları kifayət qədərdir, də həm Mərkəzi Bankın mövcud ehtiyatları bunu qarşılamağa imkan verir.
"Digər tərəfdən dollara olan tələb getdikcə azalmaqdadır. İnsanların daha çox dollar satması halı müşahidə olunur. Həm vizual müşahidə, həm də mövcud statistika təsdiq edir ki, bu gün dollar satanlar alanlardan daha çoxdur. Yəni, manata təzyiq bugünkü gündə çox aşağı səviyyədədir. Bu kontekstdə hər hansısa bir devalvasiya riski ilə bağlı danışmamağı daha məqbul hesab edirəm. Yəni riskin olmadığını deyə bilərik", - deyə müsahibimiz əlavə edib.
Qeyd edək ki, son göstəricilərə əsasən, “Brent” markalı neftin bir bareli 88,92 ABŞ dollarına, təbii qazın qiyməti isə 3,21 ABŞ dollarına təklif olunur.
Gülşən Şərif
















