“Azərbaycan, Ermənistan, ABŞ, eləcə də Mərkəzi Asiya dövlətləri, Avropa və Qərb dövlətləri bu layihənin tez bir zamanda həyata keçirilməsinin tərəfdarıdırlar”.
Bu sözləri deputat Tahir Rzayev Azərbaycan-Amerika münasibətlərinin hazırkı səviyyəsindən və TRIPP layihəsinin əhəmiyyətindən Bakıvaxtı.az-a danışarkən deyib.
Deputat bildirib ki, hazırkı dövrdə Azərbaycan-Amerika münasibətləri yüksək səviyyədədir və əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.
Onun sözlərinə görə, bu əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı münasibətlərin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasətinin uğurudur və diplomatiyamızın qələbəsi sayılmalıdır:
“Çünki dövlətimizin başçısı bu gün dünyada sülhün, əmin-amanlığın, əməkdaşlığın qarantı kimi çıxış edir, milli təhlükəsizliyə, xalqların xoşbəxtliyinə, iqtisadi inkişafa böyük önəm verir".
T.Rzayev qeyd edib ki, Amerikada keçirilən görüşlər beynəlxalq çərçivədə Azərbaycana və onun dövlət rəhbərinə göstərilən etimadın göstəricisidir və bu, ABŞ tərəfindən qiymətləndirilir.
"ABŞ-nin Daxili Təhlükəsizlik nazirinin Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşündə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, xüsusilə regional məsələlərə, sülhün təmin olunmasına, nəqliyyat-iqtisadi əməkdaşlığın genişlənməsinə böyük önəm verilib. Burada TRIPP layihəsinin əhəmiyyəti vacib hesab edilir və bu layihə ABŞ tərəfindən daimi diqqət mərkəzində saxlanılır", - müsahibimiz vurğulayıb.

Tahir Rzayev: Heç bir təzyiq, heç bir çağırış TRIPP layihəsinin əhəmiyyətini azalda bilməz
Deputat hesab edir ki, layihənin həyata keçirilməsi regional inkişafa böyük töhfə verəcək. Bu layihə nəinki Azərbaycan və Ermənistan üçün, digər dövlətlər üçün də vacibdir. Onun uğurla həyata keçirilməsi dünya ölkələri arasında iqtisadi-ticari əlaqələrin inkişafına böyük töhfə verəcək:
"Azərbaycanla yanaşı, eləcə də ABŞ bu layihənin tezliklə reallaşmasında maraqlıdır. Ermənistan tərəfi, xüsusilə Baş nazir Nikol Paşinyan da TRIPP-in əhəmiyyətini dəfələrlə qeyd edir və işlərin sürətləndirilməsi üçün səylərini artırmaq əzmində olduğunu bildirir".
Tahir Rzayev layihənin əleyhinə çıxan qüvvələrə də münasibət bildirib:
"Layihənin əleyhinə çıxanlar, onun istifadəsini gecikdirməyə çalışan bəzi dövlətlər müəyyən bəyanatlar səsləndirir və xüsusilə Ermənistanı bu məsələdən çəkindirməyə cəhd göstərirlər. Ancaq heç bir təzyiq, heç bir çağırış TRIPP layihəsinin əhəmiyyətini azalda bilməz".
Deputat əlavə edib ki, ABŞ-nin Daxili Təhlükəsizlik nazirinin Bakı səfəri layihənin uğurla həyata keçirilməsinə zəmin yaratdığını göstərdi:
“Bu, Azərbaycanın bilavasitə diplomatik uğurudur, dövlətimizin rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasətin bir daha əyani ifadəsidir”.
Gülşən Şərif
















