Bakı şəhərində Yusif Səfərov küçəsində yerləşən Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin heykəlinin üzərindəki yazı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Mədəniyyət Nazirliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.
Dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir. Belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və mədəni əhəmiyyətinin təhrif olunmasına səbəb olur.
Heykəlin postamentinin üzərindəki lövhədə yer alan sözügedən yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır.
Eyni zamanda, məsələ müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində ətraflı şəkildə nəzərdən keçiriləcək. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Şah İsmayıl Xətainin heykəlinin aşağı hissəsində “Şah İsmayıl Xətai" yazısının altında rus dilində "Посвящается внуку Исмаилу Атакушеву – Ибрагим Зейналов”(Nəvəm İsmayıl Atakişiyevə həsr olunur - İbrahim Zeynalov) ifadəsi həkk edilib.
Xatırladaq ki, Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb. Abidənin müəllifləri heykəltəraşlar İbrahim Zeynalov və Zakir Mehdiyev, memarları isə P. Hüseynov və Q. Əliyevdir. 2007-ci ildə abidənin postamenti yenidən qurulub və heykəl bərpa edilib.
2020-ci ildə isə abidə Yusif Səfərov küçəsində, Leyla Şıxlinskaya klinikası ilə Mərkəzi Neftçilər Xəstəxanası arasındakı əraziyə köçürülüb.
Maraqlıdır ki, heykəlin nə 1993-cü ildəki ilkin variantında, nə də 2020-ci ildə yeni ünvana köçürülən zaman postamentdə ithafla bağlı qeydə rast gəlinmir. Bunları həmin dövrün foto-şəkillərindən də görmək olur.


















