• Bakı 17° C

    0.85 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Netanyahunun BƏƏ səfərinin PƏRDƏARXASI: Əsl səbəb İran deyil

SİYASƏT

29 Sentyabr 2026 | 17:14 | Müəllif: Günəş Mərd

Netanyahunun BƏƏ səfərinin PƏRDƏARXASI: Əsl səbəb İran deyil

"Mümkün yeni qarşıdurma və ya müharibə vəziyyətində Birləşmiş Ərəb Əmirliklərinin birbaşa İrana qarşı çıxacağı və müharibə elan edəcəyi ehtimalı ciddi görünmür".

Politoloq Natiq Miri bunu İsrailin Baş naziri Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə səfərini Bakıvaxtı.az-a şərh edərkən bildirib. 

Analitik bu səfərin İranla bağlı olduğunu düşünmür. Onun sözlərinə görə, İsrail üçün ən böyük müttəfiq və əsas təminat ABŞ və Prezident Donald Trampdır.

“Ərəb ölkələri daha çox neft gəlirləri hesabına maliyyə mərkəzləri yaradaraq yüksək rifah səviyyəsinə çatmış dövlətlərdir. Bir neçə silahlı qrup və terror təşkilatı qarşısında ərəb dünyasının dəfələrlə aciz qalması da bunu göstərir. Ona görə də Netanyahunun səfərinin əsas səbəbinin İran olduğunu düşünmürəm”, – deyə politoloq bildirib.

Natiq Mirinin fikrincə, səfər daha çox Netanyahunun siyasi gələcəyi ilə bağlıdır. O qeyd edib ki, İsraildə oktyabr ayında parlament seçkilərinin keçirilməsi gözlənilir və seçki ərəfəsində siyasi tərəflərin bir-birini ifşa edən məlumatlar yayması mümkündür.

Politoloq bildirib ki, İsrailə HƏMAS-ın hücumu ilə bağlı əvvəlcədən Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin Netanyahuya xəbərdarlıq etdiyi barədə məlumatlar ortaya çıxıb. Onun sözlərinə görə, bu məlumatların təsdiqlənməsi İsrail Baş nazirinin siyasi karyerasına ciddi təsir göstərə bilər.

Natiq Miri, politoloq

“Əgər bu kəşfiyyat məlumatları təsdiqlənərsə və İsrail ictimaiyyətində onların doğruluğuna inam artarsa, bu, Netanyahunun siyasi karyerasına son qoya bilər. Çünki o, hakimiyyətdən getdiyi halda haqqında aparılan cinayət işlərinin yekunlaşması və korrupsiya ittihamları ilə bağlı hüquqi proseslərin davam etməsi mümkündür”, – deyə Natiq Miri vurğulayıb.

Politoloq əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın Netanyahu ilə bağlı əfv məsələsində İsrail rəhbərliyinə müraciət etdiyi bildirilsə də, bu məsələ hüquqi prosedurlar çərçivəsində həllini tapmayıb.

Natiq Mirinin sözlərinə görə, Netanyahu Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı sözügedən məlumatların həqiqətə uyğun olmadığını əsaslandırmağa və siyasi mövqeyini qorumağa çalışa bilər.

“Lakin İsrail cəmiyyətinin bu arqumentlərə inanıb-inanmayacağını seçkilər göstərəcək. Hazırda isə Netanyahunun mövqeyinə təsir edə biləcək bir sıra məqamlar artıq ortaya çıxmaqdadır”, – deyə politoloq qeyd edib.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahunun sentyabrın 27-də gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər etdiyi və Məhəmməd bin Zayed ən-Nəhyanla qapalı görüş keçirdiyi iddiası yayılıb. Açıqlanmayan səfər İsrailin “Haaretz” qəzetinin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayedin 7 oktyabr 2023-cü il HƏMAS hücumundan təxminən 10 gün əvvəl Benyamin Netanyahunu qrupun İsrailə qarşı böyük əməliyyat hazırladığı barədə xəbərdar etdiyi haqda yaydığı məlumatların yenidən gündəmə gəldiyi vaxta təsadüf edib. Məlumata görə, BƏƏ liderinin xəbərdarlığı ilə bağlı iddia Netanyahu tərəfindən rədd edilir. BƏƏ isə xəbəri birbaşa təsdiqləməyib və ya təkzib etməyib.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR