• Bakı 20° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Bakı-Ankara ittifaqı hədəfdə: Qarayaxma kampaniyasının məqsədi nədir?

SİYASƏT

28 Sentyabr 2026 | 15:01 | Müəllif: Zeynəb Rzayeva

Bakı-Ankara ittifaqı hədəfdə: Qarayaxma kampaniyasının məqsədi nədir?

Media və Yayım Şurası Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycana qarşı idarə olunan qarayaxma kampaniyasının aparılması ilə bağlı kəskin bəyanat yayıb.

Bəs Türkiyə mediasında sarsılmaz qardaşlıq bağlarına nifaq salmağa çalışan bu təşkilatlanmış qarayaxma kampaniyasının arxasında konkret hansı güc mərkəzləri durur və əsas hədəf nədir?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə mütəşəkkil kampaniyanın aparılması yeni hal deyil:

"Zaman-zaman belə təşkilatlanmış kampaniyaların aparıldığına şahid olmuşuq. Bu prosesin hansı güc mərkəzlərindən idarə olunduğunu təxmin etmək çətin deyil. Onlar Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqliyini istəməyən, iki ölkə arasındakı münasibətləri korlamaqla öz maraqlarını həyata keçirməyə çalışan mərkəzlərdir. Azərbaycan-Türkiyə ittifaqının Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə yaratdığı reallıqları qəbul edə bilməyən xarici güclər həm kənardan, həm də Türkiyə daxilindəki şəbəkələri vasitəsilə bu birliyi əngəlləməyə çalışırlar".

Oqtay Qasımov: Nədənsə yalnız Azərbaycan hədəf seçilib...

Politoloq qeyd edib ki, Türkiyə cəmiyyəti yekcins deyil və orada müxtəlif xarici dövlətlərə bağlı olan, xüsusilə din pərdəsi altında təşkilatlanmış qruplaşmalar mövcuddur:

"Həmin qruplar hər hansı elementar məsələdən Azərbaycan əleyhinə istifadə etməyə çalışırlar. Hətta Azərbaycanın ən yüksək səviyyədə verdiyi rəsmi açıqlamaları belə diqqətə almadan öz idarə olunan xətlərini davam etdirirlər. Bu baxımdan həm Azərbaycan, həm də Türkiyə cəmiyyətinin rasional, soyuqqanlı kəsiminin üzərinə böyük məsuliyyət düşür. Münasibətlərin yüksək səviyyədə qorunması üçün hər kəs üzərinə düşəni etməlidir".

Oqtay Qasımov Türkiyənin tanınmış jurnalisti Fatih Altaylının sosial şəbəkə paylaşımına da toxunaraq, iradların tamamilə əsassız olduğunu vurğulayıb:

"Son kampaniyada Azərbaycanı BMT-də İsrail Baş nazirinin çıxışı zamanı nümayəndəmizin zalda oturmasına görə hədəf alırlar. Birincisi, zalda oturmaq Netanyahunun siyasətini dəstəkləmək anlamına gəlmir.

İkincisi, Türkiyə ilə normal münasibətləri olan digər ölkələrin də nümayəndələri həmin zalda idi, lakin nədənsə yalnız Azərbaycan hədəf seçilib. Bu ikili standartın özü də sübut edir ki, Türkiyə daxilindəki bəzi şəbəkələr xaricdən - Türk dünyasının inteqrasiyasını və Bakı-Ankara müttəfiqliyini həzm edə bilməyən güclər tərəfindən idarə olunur".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR