Mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva onun vəfatının üçüncü ildönümü ilə bağlı paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, Kəmalə Paşayeva sosial media hesabında Qənirə Paşayevaya ünvanladığı duyğusal sözləri bölüşüb. O, paylaşımında bunları yazıb:
“Canım bacım, bu gün sənsizliyin üçüncü ili. Üç il əvvəl bu gün həyat dayanmadı. Günəş yenə doğdu, insanlar yenə danışdı, küçələr yenə insanla dolu idi. Həyat hamı üçün davam etdi. Amma mənim dünyamda bir şey sonsuza qədər əskik qaldı: sən.
İnsan ən sevdiyini itirəndə zamanın acını yüngülləşdirəcəyinə inanmaq istəyir. Amma mən öyrəndim ki, bəzi acılar keçmir. Sadəcə insanın içinə yerləşir. Sən yaşamağa davam edirsən, amma qəlbinin bir hissəsi həmişə gedən insanın yanında qalır.
Mənim qəlbim üç ildir səninlədir, bacım. Sənin üçün sadəcə darıxmıram. Səsini, baxışını, gülüşünü, mənə “Kəmalə” deyə səslənməyini istəyirəm. Sənə bir şey danışmağı, fikrini soruşmağı, bəzən səninlə mübahisə etməyi, sonra yenə sənə sığınmağı arzulayıram. Çünki sən mənim yalnız bacım deyildin. Sən mənim uşaqlığım, gəncliyim, sirdaşım, yol yoldaşım, həyat müəllimim idin. Güclü dayanmağı, mübarizə aparmağı, yıxıldığım yerdən yenidən qalxmağı səndən öyrəndim.
İnsanlara toxunmağın, birinin dərdini öz dərdin bilməyin nə demək olduğunu səndə gördüm. Və səni tanıyan hər kəs bilir ki, sən yalnız bizim ailəmizə aid deyildin. Sən özünü Vətəninə, millətinə və türk dünyasına həsr etmişdin. Azərbaycan və türk dünyası sənin ən böyük sevdan, Qarabağ isə ürəyinin heç dinməyən yarası idi.
İllərlə dünyanın müxtəlif yerlərində Azərbaycanın həqiqətlərini danışdın. Qarabağdan, yurdundan didərgin salınan insanlarımızdan, şəhidlərimizdən, qazilərimizdən danışdın. Bəzən bir kürsüdə xalqının səsi oldun, bəzən ucqar bir kənddə bir ananın göz yaşını sildin, bəzən bir uşağın təhsilinə, bir xəstənin müalicəsinə çatmağa çalışdın.
Sənin üçün siyasət də, millət vəkilliyi də, tanınmış olmaq da məqsəd deyildi. Bunların hamısı insana, Vətənə, xalqa xidmət edə bilməyin vasitəsi idi.
Və sənin bir başqa böyük sevdan var idi".
Qeyd edək ki, Q.Paşayeva 2023-cü ildə səhhətində yaranan ciddi problemlərə görə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
















