Korrupsiya dünyanın hər yerində milyonlarla insanın rifahına mənfi təsir göstərir, qanunun aliliyinə xələl gətirir, cəmiyyətlərin iqtisadi və sosial sabitliyini pozur, mütəşəkkil cinayətkarlıq üçün əlverişli mühit yaradır. Onun mənfi təzahürlərinə bütün hüquq sistemlərində rast gəlinir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev bu gün Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksək Səviyyəli Görüşündə bildirib.
Kamran Əliyev bildirib ki, korrupsiya qlobal xarakter daşıyan bir hadisə və hamımız üçün ümumi çağırışdır:
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin effektivliyinin əsasını təşkil edir. Azərbaycanda Prezident İlham Əliyevin birgə profilaktik və inzibati tədbirlərin həyata keçirilməsi istiqamətində nümayiş etdirdiyi güclü siyasi iradə korrupsiyaya qarşı effektiv mübarizənin aparılması ilə nəticələnib. Qısa müddət ərzində genişmiqyaslı hüquqi və institusional islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq korrupsiyaya qarşı mübarizə standartlarına uyğun müasir hüquqi baza formalaşdırıb".
Baş prokurorun sözlərinə görə, Azərbaycan Respublikası BMT-nin Korrupsiya əleyhinə Konvensiyasını, Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasını, Avropa Şurasının Korrupsiya ilə əlaqədar Mülki Hüquq və Cinayət Hüququ konvensiyalarını ratifikasiya edib və Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır:
"Müvafiq qanunvericiliyin effektiv tətbiqini təmin etmək məqsədilə ölkəmiz məhkəmə və hüquq-mühafizə sistemində islahatlar aparıb. Ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq ixtisaslaşmış antikorrupsiya qurumları yaradılıb".
Kamran Əliyev əlavə edib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya antikorrupsiya siyasətini formalaşdıran milli qurumdur: "Komissiya fəaliyyət planları və strategiyaları hazırlayır, həmçinin onların icrasına nəzarət edir.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə Prokurorluq orqanlarının strukturunda fəaliyyət göstərən ixtisaslaşmış hüquq-mühafizə qurumudur. Bu qurum korrupsiya cinayətləri üzrə ibtidai istintaq aparır və əməliyyat-axtarış tədbirlərini həyata keçirmək səlahiyyətinə malikdir.
Ölkəmiz yalnız cəza tədbirlərinə deyil, həm də korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir. Bu baxımdan, dövlət xidmətlərini vahid məkanda, şəffaf, vahid və əlaqələndirilmiş şəkildə təqdim edən “ASAN xidmət” mərkəzləri dövlət idarəçiliyi sektorunda şəffaflığın təmin olunmasına mühüm töhfə verib".
Baş prokuror bildirib ki, korrupsiyaya qarşı mübarizə siyasətimizin digər mühüm istiqaməti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və təcrübə mübadiləsidir:
"Bu sosial bəla ilə mübarizə aparmaq üçün səylərimizi birləşdirməlidir. Konfrans çərçivəsində aparılacaq müzakirələr korrupsiyaya qarşı qlobal mübarizədə üzərimizə düşən öhdəlikləri nəzərdən keçirmək və yeniləmək imkanı yaradacaq".
















