• Bakı 14° C

    1.79 m/s

İkili standartlara qarşı BMT-də hansı dəyişikliklər edilməlidir? 

SİYASƏT

28 Oktyabr 2026 | 10:00 | Müəllif: Əli Hüseynov

İkili standartlara qarşı BMT-də hansı dəyişikliklər edilməlidir?

"Beynəlxalq münasibətlər sistemində ikili standartlar və beynəlxalq hüququn selektiv tətbiqi qlobal ədalət prinsipinə ciddi zərbə vurur. Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi qərarların icrasının ayrı-ayrı dövlətlərin siyasi iradəsindən və geosiyasi maraqlarından asılı olması isə bu problemi daha da dərinləşdirir".

Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputatın sözlərinə görə, beynəlxalq hüququn aliliyinin təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi avtomatlaşdırılmalı, qərarların müəyyən edilmiş müddətdə yerinə yetirilməməsinə görə avtomatik sanksiya və məcburetmə mexanizmləri yaradılmalıdır.

"Mövcud sistemdə qərarların icrası ayrı-ayrı böyük dövlətlərin siyasi iradəsindən və geosiyasi maraqlarından asılı vəziyyətə düşür. Nəticədə bəzi qətnamələr onilliklər ərzində icra olunmadığı halda, digər qərarlar qısa müddətdə həyata keçirilir. Bu isə beynəlxalq hüququn hamı üçün bərabər tətbiq edilməsi prinsipinə xələl gətirir".

Bəhruz Məhərrəmov hesab edir ki, problemin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nəzarət edən universal hüquqi prosedur formalaşdırılmalıdır. Həmin prosedur çərçivəsində qərarların icrası üçün konkret vaxt çərçivəsi müəyyənləşdirilməli, öhdəliklərin yerinə yetirilmədiyi hallarda isə müvafiq hüquqi mexanizmlər işə salınmalıdır.

"Beynəlxalq münasibətlər sistemində ədalətin təmin olunması baxımından digər mühüm məsələ BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi və veto hüququnun məhdudlaşdırılmasıdır. Hazırkı veto mexanizmi Təhlükəsizlik Şurasının beş daimi üzvünün geostrateji maraqlarının qərarların qəbuluna təsir imkanlarını artırır. Bu vəziyyət bəzi hallarda böyük dövlətlərin dəstəklədiyi münaqişə tərəflərinin beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb edilməsinə mane olur. İkili standartların aradan qaldırılması üçün işğal, etnik təmizləmə, dövlətlərin suverenliyinin pozulması və kütləvi insan hüquqları pozuntuları ilə bağlı məsələlərdə veto hüququnun tətbiqinə hüquqi məhdudiyyətlər qoyulmalı, yaxud “ədalət naminə veto hüququndan imtina” prinsipi təsbit edilməlidir".

Bəhruz Məhərrəmov: "BMT Baş Assambleyasının səlahiyyətlərinin artırılması zəruridir"

Deputat, həmçinin Təhlükəsizlik Şurasının coğrafi və siyasi baxımdan daha balanslı təmsilçiliyinin təmin olunmasının vacibliyini qeyd edib. O bildirib ki, Şuranın tərkibinə Afrika, Latın Amerikası və Asiya regionlarının, eləcə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi böyük coğrafi-siyasi birliklərin rotasiyalı daimi təmsilçiliyi daxil edilməlidir. Onun fikrincə, belə bir yanaşma beynəlxalq qərarların qəbulunda təmsilçilik balansını gücləndirə, ayrı-ayrı dövlətlərin maraqlarının ümumi beynəlxalq hüquq normalarından üstün tutulması ehtimalını azalda bilər. Bəhruz Məhərrəmov BMT Baş Assambleyasının səlahiyyətlərinin artırılmasını da zəruri hesab edir:

"Təhlükəsizlik Şurası siyasi fikir ayrılıqları və ya veto hüququndan istifadə səbəbindən beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan məsələlər üzrə qərar qəbul edə bilmədikdə, Baş Assambleyanın rolunun gücləndirilməsinə ehtiyac yaranır. Belə hallarda Baş Assambleyaya müəyyən şərtlər daxilində tövsiyə xarakteri daşımayan və icrası məcburi olan qərarlar qəbul etmək səlahiyyətinin verilməsi məsələsi nəzərdən keçirilməlidir. Beynəlxalq sanksiyaların tətbiqində vahid hüquqi meyarların müəyyənləşdirilməsi də vacibdir. Sanksiyalar ayrı-ayrı dövlətlərin və ya regional siyasi blokların mülahizələrindən asılı olmamalı, BMT çərçivəsində müəyyənləşdirilən şəffaf və hamı üçün eyni qaydada tətbiq edilən meyarlara əsaslanmalıdır".

Deputat qeyd edib ki, eyni xarakterli beynəlxalq hüquq pozuntularına görə bir dövlətə qarşı sərt tədbirlər görüldüyü halda, digər dövlətin məsuliyyətdən kənarda qalması beynəlxalq sistemə olan etimadı zəiflədir. Bu cür selektiv yanaşmanın qarşısını almaq üçün vahid monitorinq və məsuliyyət mexanizminin yaradılması vacibdir:

"BMT-də institusional və hüquqi islahatların aparılması, Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi, veto hüququnun məhdudlaşdırılması və beynəlxalq qərarların icrasına effektiv nəzarətin təşkili beynəlxalq münasibətlər sistemində ədalətin təmin olunmasına və ikili standartların aradan qaldırılmasına xidmət edə bilər".

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026