Bakının Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 23 ünvanında yaşayan sakinlər ərazidə quraşdırılan dəmir hasarların yaratdığı problemlərlə bağlı narazılıqlarını bildiriblər.
Bakıvaxtı.az musavat-a istinadla xəbər verir ki, sakinlər “Vialon” tikinti şirkətinin fəaliyyəti nəticəsində evlərinin pəncərələri qarşısında hündür hasarların yarandığını, bunun havalandırma və günəş işığının mənzillərə daxil olmasına mane olduğunu iddia edirlər.
Sakinlərin sözlərinə görə, bir neçə il əvvəl ərazidə tikinti işləri ilə bağlı proses başlayıb. Onlar bildirirlər ki, həmin vaxtdan etibarən həyətə giriş-çıxış, piyada hərəkəti və yaşayış şəraiti ilə bağlı çətinliklərlə üzləşirlər.
Sakin Gülşən Ağayeva qeyd edib ki, ərazinin hüquqi vəziyyəti ilə bağlı məhkəmə qərarı mövcuddur. Onun sözlərinə görə, məhkəmə qərarında tikinti şirkətinə verilmiş sərəncamın Ağadadaş Qurbanov küçəsi, 23 ünvanının yerləşdiyi əraziyə münasibətdə etibarsız hesab edilməsi əksini tapıb.
Sakinlər məhkəmə qərarının icra olunmasını və hasarların qanuniliyinə hüquqi qiymət verilməsini istəyirlər.
Onların digər narahatlığı isə quraşdırılmış dəmir konstruksiyaların təhlükəsizliyi ilə bağlıdır. Sakinlər iddia edirlər ki, güclü külək zamanı hasarların bəzi hissələri yerindən qoparaq ətrafdakılar və avtomobillər üçün təhlükə yaradır. Həmçinin, piyada hərəkəti üçün kifayət qədər yerin qalmadığını bildirirlər.
Sakin Ramin Ağazadə isə hasarların mənzillərin havalandırılmasına mənfi təsir göstərdiyini, bunun xüsusilə azyaşlı uşaqların yaşadığı evlərdə narahatlıq yaratdığını deyib.
Sakinlərin sözlərinə görə, ərazidə baş vermiş yanğın zamanı da hasarlar səbəbindən hərəkət çətinliyi yaranıb. Onlar yanğınsöndürənlərin hadisə yerinə çatması və müdaxiləsi ilə bağlı problemlərin yarandığını iddia edirlər.
Ağadadaş Qurbanov küçəsi, 23 ünvanında yaşayan sakinlər aidiyyəti qurumlardan ərazidəki vəziyyətin araşdırılmasını, məhkəmə qərarının icrasının təmin edilməsini və dəmir hasarların qanuniliyinə baxılmasını xahiş edirlər.
Onlar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və digər aidiyyəti qurumlara müraciət edərək problemin həllinə kömək göstərilməsini istəyirlər.
















